QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, argentinalı futbolçu Mauro İkardinin 11 yaşlı qızına qarşı fiziki zorakılıq törətməsi iddiası araşdırılır. Hadisə ilə əlaqədar polis və təcili tibbi yardım əməkdaşları futbolçunun yaşadığı ünvana gediblər.
Hadisənin noyabrın 6-da İkardinin Nordeltadakı evində baş verdiyi bildirilir. Futbolçunun keçmiş həyat yoldaşı Vanda Naranın iddiasına görə, qız atası tərəfindən danlanıb, vurulub və otağa qapadıldığını deyib. Telefonu əlindən alındığından anasına kompüterlə “qorxuram” məzmunlu mesaj göndərib.
Bundan sonra Nara ünvana gedərək polisə şikayət edib. İlkin məlumatda İkardinin polislərlə danışmaqdan imtina etdiyi qeyd olunur. Qız tibbi müayinədən keçirilib və onun ciddi xəsarət almadığı bildirilib.
Tigre Şəhər Prokurorluğu hadisə ilə bağlı araşdırmaya başlayıb. Məhkəmə İkardiyə 45 gün ərzində qızına yaxınlaşmağı və onunla istənilən vasitə ilə əlaqə saxlamağı qadağan edib.
Futbolçu noyabrın 12-də prokurorluqda ifadə verərək qızına əl qaldırmadığını söyləyib. O, həmin gün baş verənləri öz versiyası ilə açıqlayıb, sübut kimi video və yazışmalar təqdim edib. İkardi, həmçinin hər iki qızının xüsusi qaydada dindirilməsini istəyib.