QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, tikinti şirkəti mənzili müqavilədə göstərilən vaxtda təmir edib alıcıya verməzsə, vətəndaş gecikmə nəticəsində yaranan zərərin qarşılanmasını tələb edə bilər. Uzunmüddətli gecikmə alıcılar üçün əlavə məsrəflərə səbəb ola bilər.

Hüquqşünas Tağı Hüseynov bildirib ki, kompensasiya məsələsinə baxarkən ilk növbədə tərəflərin imzaladığı müqavilənin müddəaları nəzərə alınmalıdır. Sənəddə mənzilin təhvil tarixi müəyyən edilib və bu vaxt keçibsə, alıcının tələb irəli sürmək hüququ yaranır.

Müqavilədə nəzərdə tutulduğu təqdirdə, gecikmənin hər günü və ya ayı üçün dəbbə pulu, yəni cərimə istəmək mümkündür. Hüseynovun sözlərinə görə, müqavilədə bu barədə bəndin olmaması kompensasiya almaq imkanını bütövlükdə istisna etmir.

Mənzilin təmirinin və təhvilinin gecikməsi əlavə xərc yaradıbsa, alıcı həmin məsrəfləri sənədlərlə təsdiqləməklə ödənilməsini tələb edə bilər. Buraya mənzil təqdim olunanadək kirayə üçün verilən pul və mənzillə bağlı faktiki çəkilmiş digər xərclər daxildir.

Hüquqşünas belə hallarda əvvəlcə tikinti şirkətinə yazılı pretenziya, yəni rəsmi xəbərdarlıq göndərməyi tövsiyə edib. Şirkətdən cavab alınmadıqda, zərərin və kompensasiyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət edilə bilər.