QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, TƏBİB son altı ildə müharibə iştirakçıları və şəhid ailələrinin tibbi xidmətlərə çıxışını yaxşılaşdırmaq və xidmətlərin davamlılığını təmin etmək üçün tədbirlər görüb. Hazırda qurumun tabeliyində olan 71 tibb müəssisəsində bu şəxslərə dəstək göstərən 159 koordinator çalışır.
TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentindən bildirilib ki, koordinatorlar Vətən müharibəsi iştirakçıları ilə 2022-ci il iyulun 18-dən, şəhid ailələrinin üzvləri ilə isə 2023-cü il sentyabrın 4-dən mütəmadi əlaqə saxlayır və onları müayinələrə dəvət edirlər. İndiyədək müharibə iştirakçılarına 299 min 60, şəhid ailələrinin üzvlərinə isə 93 min 977 telefon zəngi edilib.
Hesabat dövründə icbari tibbi sığorta çərçivəsində Vətən müharibəsi iştirakçılarının 439 min 953 müraciəti əsasında 879 min 232 ambulator və 284 min 298 stasionar xidmət göstərilib. Şəhid ailələrinin üzvlərinə 221 min 348 müraciət üzrə 601 min 632 ambulator, 108 min 575 stasionar xidmət təqdim olunub. Psixoloji xidmətlərin sayı müvafiq olaraq 55 min 180 və 1619 olub.
Müxtəlif qurumlardan daxil olmuş müharibə iştirakçılarına aid 15 mindən çox, şəhid ailələrinin üzvləri ilə bağlı isə 2000-ə yaxın müraciət araşdırılaraq cavablandırılıb.
TƏBİB müharibə iştirakçıları və şəhid ailələrinin sağlamlıq vəziyyətinə nəzarətin, eləcə də onlara operativ və keyfiyyətli tibbi xidmət göstərilməsi istiqamətində işlərin davam etdiyini qeyd edib.