QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Vətən müharibəsindən sonrakı altı ildə şəhid ailələri və müharibə iştirakçılarına yönələn sosial dəstək tədbirləri 132 min nəfəri əhatə edib. Bu kateqoriyadan olan şəxslərə ümumilikdə 449 min xidmət göstərilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, postmüharibə dövründə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər üçün mənzil təminatı proqramı beş dəfə genişləndirilib. Həmin müddətdə onlara 7 354 mənzil və fərdi ev, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə isə 586 avtomobil verilib. Ümumilikdə indiyədək 16 mindən çox mənzil və bu kateqoriyadan olan şəxslərə 7 700-dən artıq avtomobil təqdim olunub.

Şəhid ailələrinin üzvləri və müharibə veteranı olan 106 min nəfər üçün aylıq sosial ödənişlərin təyin edilməsi üzrə 120 min xidmət göstərilib. Bundan başqa, 26 min nəfərə birdəfəlik ödəniş təyin edilib.

Qələbədən sonrakı altı ildə şəhid ailələrinin üzvləri və müharibə iştirakçısı olan 31 min nəfərin məşğulluğu təmin edilib. Onlardan 13,9 mini özünüməşğulluq proqramına qoşulub.

Nazirlik müharibə ilə əlaqədar əlilliyi olan 2 527 nəfərə 110 min reabilitasiya vasitəsi təqdim edib. Döyüşlərdə əzalarını itirmiş 500 hərbçi isə ümumilikdə 626 yüksək texnologiyalı, yeni nəsil protezlə təmin olunub.

Şəhid ailələrinin üzvləri və müharibə iştirakçısı olan 11 min nəfərə 118 min sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib. Nazirliyin müəssisələrində reabilitasiya alan qazilərdən 450-dək şəxs əvvəlki sağlamlığına qovuşaraq əlilliyini geridə qoyub. Digər qazilərin reabilitasiyası davam edir.

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi və onun filiallarında şəhid ailələrindən və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərdən, eləcə də onların övladlarından 40 nəfər təlimlərə cəlb olunub. Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzində isə müharibə ilə əlaqədar əlilliyi olan 118 nəfərə peşə və sosial reabilitasiya xidməti göstərilib.