QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, noyabrın 23-də Nvidia səhmləri 31,48 faiz dəyər qazanaraq 165,05 dollara yüksəlib. Şirkətin bazar kapitallaşması bir gündə 930 milyard dollardan artıq artıb. Bu məbləğ 177-dən çox ölkənin illik nominal ÜDM-ni üstələyir.

Bazarın bu reaksiyasından əvvəl ABŞ Prezidenti Donald Tramp noyabrın 20-də Huanqın geri qayıtmasına dəstək verdiyini açıqlayıb. O, bazar günü mövqeyini təkrarlayıb və Nvidia Direktorlar Şurası ilə özü əlaqə saxlayıb. Associated Press-in məlumatına görə, həftəsonu aparılan müzakirələrdə vitse-prezident Cey Di Vens də iştirak edib.

Nvidia-nın səhər açıqladığı məlumatda yekun qərarın noyabrın 22-də verildiyi bildirilib. Beləliklə, şura Tramp və Vensin çağırışlarından bir neçə saat sonra qərar qəbul edib. Bu isə həmin məlumatın bazar günü Trampa yaxın çevrələrdə yayılıb-yayılmadığı ilə bağlı suallar yaradıb.

Şirkət noyabrın 23-də Huanqın geri dönəcəyini rəsmən elan etdikdən sonra səhmləri kəskin bahalaşıb. Trampın vergi bəyannaməsində Nvidia səhmlərinə sahib olduğu göstərilir. Analitiklərin hesablamasına görə, bir günlük yüksəliş Prezidentin sərvətini təxminən 17 milyon dollar artıra bilərdi.

Həmin gün Nvidia opsionları üzrə ticarət həcmi 11 milyon müqaviləni keçərək rekord səviyyəyə çatıb. Göstərici əvvəlki 30 günün ortalamasından beş dəfədən çox olub. Şirkətin qərarı açıqlanmazdan az əvvəl isə təxminən 3,4 milyon dollarlıq alış opsionları əldə edilib.

Bundan başqa, Bubblemaps analitikləri Polymarket platformasında Huanqın geri dönəcəyinə mərc edən, həmin gün açılmış 16 hesabı iki şübhəli qrupa ayırıblar. Senatorlar, demokratlar Ruben Qalleqo və Cek Rid isə elan öncəsi açılan bütün mövqelərin yoxlanılmasını istəyiblər.

Tramp CNBC-yə müsahibəsində “Şura bizim ondan istədiyimizi etməyə qərar verdi” deyib. Hadisələrin ardıcıllığı və Prezidentin bu açıqlaması onun müdaxiləsinin qərara təsir göstərdiyi qənaətini gücləndirir. Şura üzvləri daha əvvəl Huanqın qayıdışına qarşı çıxır, onun fəaliyyəti ilə bağlı milli təhlükəsizlik risklərindən narahatlıq bildirirdilər. Prezident və hökumətin yüksək vəzifəli şəxsləri dəstəklərini ifadə etdikdən sonra isə bu mövqeyə qarşı çıxmaq səhmdarlara izah tələb edəcəkdi.

İnvestorların Huanqın qayıtmasını istədiyi bazar reaksiyasından görünürdü. Nvidia-nın uzunmüddətli səhmdarı olan müəllif bunu biznes baxımından əsaslı qərar saysa da, Direktorlar Şurasının müstəqilliyi barədə narahatlığını ifadə edib. Şirkət qərarın Huanqla keçirilən görüşlərdən, onun izahatlarından və səmimiyyətindən sonra verildiyini açıqlayıb. Bununla belə, bir neçə gün əvvəlki etirazların niyə qısa müddətdə dəyişdiyi və hansı yeni məlumatların əldə olunduğu sualları cavabsız qalıb.

Məqalədə həmçinin Ağ Evin Huanqın geri dönməsi üçün həftəsonu onunla və şura ilə əlaqə saxladığı, lakin Trampın məlumatlı olduğunu söylədiyi “Çin casusu qadın”la bağlı münasibətlərinin qarşısını almaq üçün analoji söhbətin olub-olmadığının aydın olmadığı vurğulanır.

Huanqın şirkətdən ayrıldığı dövrdə Nvidia-nın bazar dəyəri 1,8 trilyon dollar azalmışdı. Trampın onun qayıdışına dəstək verməsi strateji əhəmiyyətli şirkət üçün dövlət marağı ilə izah oluna bilər. Bununla yanaşı, Prezidentin həmin şirkətdə milyonlarla dollar dəyərində səhmlərinin olması mümkün şəxsi maraq məsələsini də gündəmə gətirir.

Ağ Ev Tramp ailəsinin investisiyalarının müstəqil maliyyə qurumları tərəfindən idarə edildiyini və Prezidentin onlara birbaşa göstəriş vermədiyini bildirir. Bununla belə, Nvidia şurası ilə əlaqə saxlamaq qərarını Tramp özü verib və gözlənilən müsbət bazar reaksiyası onun maliyyə maraqlarına da uyğun ola bilərdi. Yaxın çevrəsindən kiminsə məxfi məlumatdan istifadə edərək qazanc götürdüyünü demək üçünsə konkret sübutlar tələb olunur; hazırda bu, araşdırılmalı məsələdir.

Hadisə Konqresin hər iki palatasında Tramp administrasiyasına qarşı yeni siyasi mübahisələr yaradıb. Demokratlar bunu Prezidentə qarşı mübarizə üçün fürsət sayırlar. Hazırda azlıqda olan partiya yalnız suallar ünvanlaya bilir, lakin yanvarın 1-dən Konqresdəki mövqeləri və səlahiyyətləri dəyişəcəyi halda araşdırma imkanları genişlənə bilər.