QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, rusiyalı avtomobil mütəxəssisi Dmitri Slavnov qışda mühərrikin qızdırılması ilə bağlı sürücülərə tövsiyələr verib.

Slavnovun sözlərinə görə, mühərriki işə salmazdan əvvəl qızdırmaq vərdişi karbüratorlu avtomobillərin geniş istifadə olunduğu vaxtlardan qalıb. Soyuq havada həmin avtomobillərdə yanacaq qarışığını hazırlamaq çətinləşdiyi üçün mühərrikin müəyyən müddət boş işləməsi lazım gəlirdi.

Müasir injektorlu avtomobillərdə yanacağın ötürülməsi elektron idarəetmə sistemi ilə tənzimlənir. Bununla belə, mütəxəssis soyuq mühərriki işə salan kimi sürəti artırmamağı, qaz pedalına qəfil basmamağı məsləhət görür.

Ekspert mühərrikin qızdırılması üçün havanın temperaturundan asılı olaraq 3-5 dəqiqənin kifayət etdiyini bildirib. Bu vaxt ərzində mühərrik qismən isinər, yağ isə sistemin əsas hissələrinə yayılaraq onları lazımi qaydada yağlayar.

Tövsiyəyə görə, soyuq havada avtomobili işə saldıqdan sonra qısa müddət gözləmək, daha sonra isə ilk kilometrlərdə mühərriki yüksək dövrlərə çatdırmadan hərəkət etmək lazımdır.