QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Qobustanda 55 yaşlı Sabirabad sakininin üzərindən silah, patronlar və narkotik vasitə aşkar edilib.

Onun yanında “Makarov” tapançası və “Kalaşnikov” avtomatına uyğun, atəş açmaq üçün yararlı güllələr olub. Faktla bağlı Cinayət Məcəlləsinin 228.1-ci və 234.1-ci maddələri üzrə cinayət işi başlanıb, toplanmış materiallar məhkəməyə göndərilib.

Təqsirləndirilən şəxs məhkəmədə silahların atasından miras qaldığını deyib. O, tapança və patronları rayona gedərkən Kür çayına atmaq niyyəti ilə özü ilə götürdüyünü bildirib.

Məhkəmə təqsiri sübuta yetirilən Sabirabad sakininə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası verib.