QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, azərbaycanlı MMA döyüşçüsü Tahir Abdullayev jurnalistlərə açıqlamasında son döyüşünün uğurlu keçdiyini və planlaşdırdığı tapşırıqları yerinə yetirdiyini bildirib.

İdmançı rəqibini daha erkən, ikinci raundda məğlub etməyi hədəflədiyini, lakin qarşılaşmanın üç raund davam etdiyini deyib. Abdullayev əsas bazasının sərbəst güləş olduğunu, Dağıstanda məşq etdiyini və yarışa orada hazırlaşdığını söyləyib. O, Qafqaz xalqları ilə münasibətlərinin həmişə yaxşı olduğunu da qeyd edib.

Döyüşçünün sözlərinə görə, çəkiölçmə zamanı yaşanan çətinlik diyetoloqunun səhvi ilə bağlı olub. Abdullayev çəkidə 450 qram artıq gəldiyini və buna görə qonorarının 20 faizini itirdiyini bildirib.

O, rinqdə hər döyüşçüyə rəqib kimi yanaşdığını, qarşılaşmadan sonra isə idmançıya hörmət etməyin vacibliyini vurğulayıb. Abdullayev azarkeşlərin döyüşdən əvvəl göstərdiyi dəstəyin idmançıların motivasiyasını artırdığını deyib. Onun fikrincə, bəzi səhifələr məğlubiyyət barədə yazsa da, idmançının hazırlıq dövründə nələr yaşadığını hər kəs bilmir.

Tahir Abdullayev “Sabah” – “Barselona” oyunu ilə bağlı da danışıb. O, qarşılaşmanı izləyəcəyini, əvvəllər Lionel Messinin azarkeşi olduğu üçün “Barselona”nın oyunlarına baxdığını qeyd edib. Hazırda Rusiyada olduğunu deyən döyüşçü Azərbaycanda olacağı təqdirdə “Sabah”a dəstək verəcəyini bildirib və azarkeşləri oyunda yerli komandaya azarkeşlik etməyə çağırıb.

Qətərin paytaxtı Dohada keçirilən UFC turnirində Abdullayev avstraliyalı Ceyk Mettyusu üç raundun sonunda hakimlərin yekdil qərarı ilə məğlub edib. O, UFC-də debütünü 2026-cı ilin iyununda Bakıda keçirilən turnirdə edib və braziliyalı Cefferson Nasimentonu üstələyib.