QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Azərbaycanda pensiya alan 105 mindən artıq şəxs əmək fəaliyyətini də davam etdirir. Milli Məclisin deputatı Vüqar Bayramov rəsmi statistikaya əsaslanan açıqlamasında bu barədə məlumat verib.
Bayramovun sözlərinə görə, işləyən pensiyaçıların 57 min 374 nəfərinin yaşı 65-dən çoxdur. Onlardan 38 min 562-si 65-69, 14 min 905-i 70-74 yaş aralığındadır. 75 yaş və daha yuxarı qrupda isə 3 min 907 nəfər yer alır.
Deputat qeyd edib ki, digər çalışan pensiyaçılar 65 yaşına çatmamış xüsusi və ya güzəştli şərtlərlə pensiya hüququ əldə edən şəxslərdir. Onun fikrincə, pensiya aldığı dövrdə işləyən və öz sahəsinə töhfə verən vətəndaşların fəaliyyəti həm iqtisadi dəyər yaradır, həm də onların sosial təminatına müsbət təsir göstərir.
Bayramov bildirib ki, özəl sektorda yaş məhdudiyyəti tətbiq edilmir. Dövlət sektorunun bəzi istiqamətlərində isə limitlər var: 65 yaş tamamlandıqdan sonra əmək fəaliyyəti müvafiq qurumun razılığı ilə hər dəfə bir il müddətinə uzadıla bilər.
Deputat pensiya yaşını keçdikdən sonra da işləmək və təcrübəsini bölüşmək istəyənlər üçün əmək bazarında fəaliyyətini davam etdirmək imkanlarının yaradılmasının vacibliyini vurğulayıb. O, təcrübəli kadrların bilik və bacarıqlarından yararlanmağın, eləcə də pensiyaçıların əmək həyatında fəal qalmasının əhəmiyyətini qeyd edib.