QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Sabirabad Rayon Mərkəzi Xəstəxanasında mühafizəçiyə xəsarət yetirməkdə təqsirləndirilən şəxs 1000 manat cərimə olunub.
Məhkəmə materiallarına əsasən, 1994-cü il təvəllüdlü Əlvan Babayev (ad və soyad şərtidir – red.) poliklinika şöbəsinin dəhlizində həkim qəbuluna növbə gözləyərkən səs-küy salıb. Xəstəxananın mühafizəçisi Vəli Axundov ona irad tutub, Əlvan isə buna etiraz edib.
İstintaq sənədlərində bildirilir ki, xəstələrin və növbədə dayanan insanların olduğu məkanda Əlvan nalayiq ifadələr işlədib, Vəlinin boğazından tutaraq onu yerə yıxıb. Daha sonra mühafizəçini qaldırıb divara çırpıb və xəsarət yetirib. Hadisə xəstəxananın fəaliyyətində 10-15 dəqiqəlik fasiləyə səbəb olub.
Əlvana Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə xuliqanlıq ittihamı verilib. O, məhkəmədə təqsirini qəbul edib və heç kimlə şəxsi ədavətinin olmadığını deyib.
Əlvan ifadəsində hadisə günü travmatologiya şöbəsinə göndəriş almaq üçün xəstəxanaya gəldiyini, bir neçə saat gözlədikdən sonra xəstəliyinə görə qışqırmağa başladığını bildirib. Onun sözlərinə görə, mühafizəçi əvvəlcə onu təhqir edib, bundan pərt olan Əlvan Vəlinin boğazından tutaraq yerə yıxıb. Başqa şəxslər onları ayırdıqdan sonra mühafizəçinin yenidən xoşagəlməz ifadələr işlətməsi nəticəsində onu divara çırpdığını söyləyib.
Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmadığını, zərərçəkmişlə barışdığını və qarşı tərəfin şikayətinin olmadığını da qeyd edib. O, 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda döyüşlər zamanı sağ bazusundan güllə yarası aldığını, bunun nəticəsində sağlamlığını qismən itirərək II dərəcəli əlil olduğunu bildirib.
Zərərçəkmiş Vəli isə poliklinika şöbəsində mühafizəçi işlədiyini deyib. Onun ifadəsinə görə, hadisə günü saat 12 radələrində bir nəfərin həkim kabinetindən çıxaraq dəhlizdə qışqırdığını görüb və həmin şəxsi xəstələrin olduğu dövlət müəssisəsində səs-küy salmamağa çağırıb. Vəli Əlvanın nalayiq sözlərdən sonra onu boğazından tutub yerə yıxdığını, ətrafdakıların müdaxiləsi ilə ayrıldıqlarını bildirib.
Vəlinin sözlərinə görə, saat 12:54-də Əlvan ona yenidən yaxınlaşaraq boğazından yapışıb və poliklinikanın divarına çırpıb. Zərərçəkmiş təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirib.
Sabirabad Rayon Məhkəməsinin qərarı ilə Əlvana 1000 manat cərimə kəsilib.