QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Şəmkirdə baş verən yol qəzasında iki nəfər ölüb, bir nəfər xəsarət alıb. Ölənlərin və yaralının sinif yoldaşları olduğu bildirilib.
Baş Dövlət Yol Polisi İdarəsinin məlumatına görə, noyabrın 11-də saat 23 radələrində Qılıncbəyli kəndində Elgün Abbasovun idarə etdiyi “Toyota” markalı avtomobil yoldan çıxaraq təxminən 15 metr kənara yuvarlanıb. Sürücü və sərnişin Eşqin Abbasov hadisə yerində ölüb. Digər sərnişin Ruslan Səfərov xəstəxanaya çatdırılıb.
İlkin araşdırma zamanı qəzanın alkoqol qəbul edən sürücünün nahamar örtüklü yolda sürətə nəzarəti itirməsi nəticəsində baş verə biləcəyi ehtimal olunub. Hadisə yerinə polis əməkdaşları cəlb edilib, araşdırma davam etdirilir.
TƏBİB-in bildirdiyinə görə, noyabrın 11-də saat 23:40-da iki kişi Şəmkir Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım şöbəsinə yerləşdirilib. 1994-cü il təvəllüdlü yaralıya bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu qoyulub. Ona tibbi yardım göstərildikdən sonra yaxınlarının istəyi ilə Gəncədəki özəl tibb müəssisəsinə aparılıb.
1995-ci il təvəllüdlü digər yaralı xəstəxanaya komatoz vəziyyətdə gətirilib. Həkimlər onda başın qapalı travmasını, döş qəfəsi travmasını və qabırğa sınıqlarını qeydə alıblar. Vəziyyəti ağır olan şəxs reanimasiya tədbirlərinə baxmayaraq, noyabrın 12-də saat 00:55-də vəfat edib. TƏBİB açıqlamasında 1995-ci il təvəllüdlü şəxsin həkiməqədər ölüm faktının da qeydə alındığını bildirib.
Məlumata əsasən, avtomobildə olan Elgün Abbasov, Ruslan Səfərov və Eşqin Abbasov Qılıncbəyli kəndindəndirlər və sinif yoldaşı olublar. Onların qəza öncəsi rayondakı restoranlardan birində yeyib-içdikləri, daha sonra evə gedərkən hadisənin baş verdiyi qeyd olunub. Sürücü və sərnişinlərin sərxoş olduğu bildirilir.