QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Türkiyə futbol millisi UEFA Millətlər Liqasında Belçikaya 1:2 hesabı ilə məğlub olaraq ardıcıl beşinci rəsmi oyununda da uduzub. Komanda 44 ildən sonra ilk dəfə belə nəticə ilə üzləşib.

Türkiyə yığması turnirdə Fransa ilə oyunda 0:1, İtaliya ilə qarşılaşmada 1:4, Belçikaya qarşı matçda 0:3 hesabı ilə yenilmiş, daha sonra İtaliyaya 1:3 hesabı ilə uduzmuşdu. Belçika ilə son görüşdə də məğlubiyyət seriyasını qıra bilməyən milli 1980-1982-ci illərdən bəri ilk dəfə ardıcıl beş oyunu uduzub.

Türkiyə sonuncu dəfə həmin illərdə səkkiz matç dalbadal məğlub olmuşdu. 1982-ci il dünya çempionatının seçmə mərhələsində Uels, Çexoslovakiya, İslandiya və SSRİ ilə oyunlarda uğursuz nəticələr qeydə alınmışdı. Yığma bu seriyaya dekabrın 27-də Albaniyanı 1:0 hesabı ilə məğlub etməklə son qoymuşdu.

Belçika ilə qarşılaşmada Arda Gülər təxminən 30 metrdən cərimə zərbəsi vuraraq topu qapının doqquzluğuna göndərib və Türkiyəni hesabda irəli çıxarıb. Bu qol Türkiyə millisinin 2021-ci ilin martından bəri cərimə zərbəsindən vurduğu ilk top olub.

Türkiyə yığması, həmçinin 1997-ci ildən sonra ilk dəfə doğma meydanda Belçikaya məğlub olub.