QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, İran Ali Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti ölkəsinin regional əlaqələrdəki roluna dair fikirlərini “X” hesabında paylaşıb.

Vilayətinin sözlərinə görə, Qərbi Asiyada yeni nizam müzakirə olunduğu bir vaxtda İran Fars körfəzi, Orta Asiya, Qafqaz və Oman dənizi arasında əlaqələndirici mövqedədir. O bildirib ki, İranı kənarda qoymağa çalışan istənilən enerji və ya tranzit marşrutu ya baha başa gələcək, ya da qeyri-sabit olacaq.

Vilayəti Qəzza, Qırmızı dəniz, Livan və İraqdakı böhranları xatırladaraq, regional təhlükəsizliyin bölünməz olduğunu vurğulayıb. Onun fikrincə, ya kollektiv təhlükəsizlik təmin olunacaq, ya da hamı ümumi təhlükə ilə üzləşəcək.

O, Qərbi Asiyadakı geosiyasi dəyişikliklərin İsrail və ABŞ-dakı seçkilərin nəticələrinə təsir etdiyini qeyd edib. Vilayəti İranı regional nizamın əsas qurucularından biri adlandırıb və ölkənin aradan çıxarıla, yaxud dəyişdirilə bilməyən reallıq olduğunu bildirib.