QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Bakının Yasamal rayonunda borc məsələsinə görə yaranan mübahisə iki tanışın məhkəməlik olması ilə nəticələnib.
Hadisə D.Bünyatzadə küçəsindəki “N” saylı binanın önündə qeydə alınıb. Ucar rayonundan olan, 1992-ci il təvəllüdlü Əliqulu tanışı Zaurdan borcunu geri ala bilmədiyini bildirib. Tərəflər arasında bu səbəbdən söz mübahisəsi yaranıb, Zaurun onunla kobud danışdığı qeyd olunub.
İstintaq materiallarına əsasən, şəxsi münasibətlərin pozulması zəminində əsəbiləşən Əliqulu Zaurun ağız nahiyəsinə qəsdən ovucu ilə zərbə vuraraq xəsarət yetirib. Adların şərti olduğu bildirilib.
Əliquluya Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə, yəni qəsdən sağlamlığa zərər vurma ittihamı irəli sürülüb. O, məhkəmədə təqsirini etiraf edib, əməlindən peşman olduğunu və Zaurla barışdığını deyib. Həmçinin zərərçəkənin ondan şikayət və tələbinin olmadığını bildirib.
Zaur da tərəflərin barışdığını təsdiqləyib. Onun sözlərinə görə, dəymiş ziyan tam ödənilib və Əliquluya qarşı şikayəti, tələbi qalmayıb.
Yasamal Rayon Məhkəməsinin qərarı ilə Əliqulu barəsində cinayət təqibinə xitam verilib, o, cinayət məsuliyyətindən azad olunub.