QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Bakının Yasamal rayonunda qardaş bacısına xəsarət yetirib. Hadisə Həsənbəy Zərdabi küçəsindəki mənzildə qeydə alınıb. 1989-cu il təvəllüdlü Aydın birgə yaşadığı bacısı Ayşənlə (adlar şərtidir – red.) mübahisə edib.

İstintaq materiallarında göstərilir ki, Aydın orta dərəcədə sərxoş halda ümumi otağa bitişik studio tipli mətbəxdə olub. Mənzilin açıq pəncərəsini bağlaması bacısı ilə aralarında mübahisəyə səbəb olub.

Şəxsi münasibətlər zəminində davam edən mübahisə zamanı Aydın masanın üstündəki külqabını götürərək bacısının başına vurub və ona xəsarət yetirib. Ona Cinayət Məcəlləsinin 128-ci maddəsi, yəni qəsdən sağlamlığa zərər vurma ilə bağlı ittiham elan olunub.

Aydın istintaqa verdiyi izahatda təqsirini qəbul edib və əməlinə görə peşman olduğunu bildirib. O, zərərçəkmiş bacısı ilə barışdığını, bacısının şikayət və tələbinin olmadığını da qeyd edib.

Yasamal Rayon Məhkəməsi Aydın barəsində cinayət təqibinə xitam verib və onu cinayət məsuliyyətindən azad edib.