QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski və Macarıstanın yeni Baş naziri Peter Madyar Zakarpatyada görüş zamanı yerli məktəblərdən birində rəmzi voleybol oyunu keçiriblər.
Liderlərin meydançada birgə iştirakı Viktor Orbanın rəhbərliyi dövründə Kiyev və Budapeşt arasında yaranmış uzunmüddətli gərginliyin arxada qala biləcəyinə dair mesaj kimi qiymətləndirilib.
Mayda vəzifəsinin icrasına başlayan və Orban dövrünü başa vuran, Avropa İttifaqına tərəfdar Madyar etnik macarların yaşadığı Zakarpatyaya səfər edərək Zelenski ilə danışıqlar aparıb. Görüş proqramı Ujqorod şəhərində qəbiristanlığa əklil qoyulması ilə başlayıb. Daha sonra sərhəd yaxınlığındakı Berehove şəhərində brifinq keçirilib və voleybol meydançasında rəmzi oyun təşkil olunub.
Madyar tərəflər arasında etimadın yaranmasının önəmini qeyd edərək deyib: “Gəlin etimad qurmağa başlayaq, gec olması heç olmamasından yaxşıdır”.
Zelenski görüşü “vacib və həssas məqam” kimi xarakterizə edib. O, Orbanın siyasətinə toxunaraq bildirib: “Ukrayna ilə həmrəylik vacibdir, Putinlə dostluq isə heç bir yerə aparmır”.
Kiyev macar azlığın hüquqları ilə bağlı yeni qanun qəbul etdikdən sonra Budapeşt Aİ-nin Ukrayna ilə üzvlük danışıqlarında yeni istiqamətlərin açılmasını dəstəkləyib. Rusiyanın təcavüzünü qətiyyətlə pislədiyini bildirən Madyar Ukraynaya 2,9 milyon dollar dəyərində dərman və enerji avadanlığı da gətirib. Tərəflər Macarıstandan Ukraynaya dizel yanacağının daşınması məsələsini də müzakirə ediblər.