QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, 2026-cı ili zərərlə başa vuran müəssisələrdə gələn il işçi ixtisarları, birləşmə və ya fəaliyyətin dayandırılması gündəmə gələ bilər. Bu barədə iqtisadi ekspert Günay Hüseynova bildirib.
Ekspertin sözlərinə görə, ilin bitməsinə bir aydan çox qaldığından müəssisələrin mənfəət göstəricilərindəki dəyişikliklərin miqyası hələ məlum deyil. Bununla yanaşı, hazırda zərərlə işləyən bir sıra müəssisələr mövcuddur və onlardan bəzilərinin bağlanması mümkün görünmür.
Hüseynova Bakı Metropolitenini belə müəssisələrə nümunə göstərib. Onun fikrincə, bu qurumların zərərini qarşılamaq üçün dövlət büdcəsindən əvvəlki illə müqayisədə daha çox vəsait ayrıla və ya qiymətlər artırıla bilər.
Ekspert zavodların vəziyyətinə də toxunub. İdxal məhsulları daha ucuz başa gəldikdə və yerli istehsal rəqabətə tab gətirmədikdə, müəssisənin zərərlə işləməsi ixtisarlarla və ya fəaliyyətin dayandırılması ilə nəticələnə bilər.
Qurumların birləşdirilməsi isə əvvəlki təcrübədə olduğu kimi, müxtəlif təşkilatların agentlik və başqa adlar altında bir araya gətirilməsi formasında aparıla bilər. Konkret adların və qərarların 2026-cı ilin sonunda məlum olacağı gözlənilir, çünki mənfəət və zərər göstəriciləri əsasən ilin yekununda dəqiqləşir.
Günay Hüseynovanın qeyd etdiyi mümkün dəyişikliklər arasında “Azərikimya”, “Karbamid” və “Metanol” zavodları, eləcə də Bakı Metropoliteni və “Azərişıq” var. Müəssisələrin müəyyən hissəsinin özəlləşdirilməsi də istisna edilmir.