QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Milli Məclisin deputatı Tahir Rzayev kənd təsərrüfatının inkişafı və məktəblərdə siniflərin təşkili ilə bağlı təkliflərini açıqlayıb.
Rzayev kənd təsərrüfatını ərzaq təhlükəsizliyi, iş yerlərinin açılması və məşğulluğun təmin olunması baxımından mühüm sahə adlandırıb. Onun sözlərinə görə, Prezident son illər bu istiqamətin inkişafına xüsusi diqqət göstərir.
Deputat bildirib ki, mayın 26-da qəbul edilən, 2026–2030-cu illəri əhatə edən kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafı üzrə dövlət proqramında vacib vəzifələr müəyyənləşdirilib. Proqramın əsas məqsədlərindən biri ölkədə ərzaq bolluğunun yaradılmasıdır.
Onun fikrincə, buna dövlət dəstəyinin genişləndirilməsi və əlavə maliyyə vəsaitlərinin ayrılması ilə nail olmaq mümkündür. Bu il kənd təsərrüfatına ayrılan xərclərin ötən illə müqayisədə 153 milyon manat artırılmasını müsbət qiymətləndirən Rzayev bunun aqrar sektorun inkişafına töhfə verəcəyini deyib.
Deputat kənd təsərrüfatı məhsullarına 10 faizlik vergi tətbiqinin fermerlər üçün çətinlik yarada biləcəyini də qeyd edib. O, texniki xidmətlərin və yanacağın bahalaşdığı bir vaxtda vergi ödənişinin tətbiqinin sahəyə mənfi təsir göstərə biləcəyini bildirib və müddətin uzadılmasını təklif edib. Rzayev uzun müddət kənd təsərrüfatına bu vergilərin tətbiq edilməməsinin sahibkarlara fəaliyyətlərini davam etdirmək imkanı verdiyini vurğulayıb.
Deputatın digər təklifi məktəblərdə siniflərin sayının azaldılması və şagirdlərin siniflər üzrə bölünməsi ilə bağlıdır. O bildirib ki, doğum göstəriciləri aşağı düşdüyünə görə bəzi siniflər bağlanır, müəllimlər isə işsiz qalır. Eyni zamanda, bəzi siniflərdə 35-40 şagird təhsil alır.
Rzayev gələcəkdə siniflərin bölünərək hər birində 18 şagirdin oxumasını təklif edib. Onun sözlərinə görə, bu yanaşma müəllimlərin işlə təmin olunmasına və uşaqların daha keyfiyyətli təhsil almasına şərait yarada bilər.