QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, təhsil müəssisələrində müəllim və şagird münasibətləri, uşaqların təhlükəsizliyi və hüquqlarının qorunması yenidən müzakirə mövzusuna çevrilib. Azərbaycanda müəllimlərə qoyulan yeni tələblər təhsilverənlərin uşaqları fiziki və psixoloji zorakılıqdan müdafiə etməsini, zərərli vərdişlərdən uzaq tutmasını, şərəf və ləyaqətlərinə hörmət göstərməsini nəzərdə tutur. İntizam tədbiri adı ilə şagirdə qarşı zorakılığın hər hansı formasının tətbiqi də qadağan edilir.

Bu qaydaların müəllim-şagird münasibətlərinə mümkün təsiri və onların səmərəli icrası üçün görüləcək işlər barədə Təhsil İşçilərinin Həmrəyliyi Alyansının sədri, təhsil məsələləri üzrə mütəxəssis Əmrah Həsənli danışıb. O, qərarın ümumi istiqamətini doğru sayır.

Həsənlinin sözlərinə görə, uşaqları fiziki və psixi zorakılıqdan qorumaq məsələsində güzəştə yer yoxdur. Fiziki cəza və təhqirin uşağın psixologiyasına, özünə dəyər verməsinə, təhsilə münasibətinə mənfi təsiri çoxsaylı araşdırmalarla təsdiqlənib. Buna görə şagirdin ləyaqətinə hörmət təhsilin başlıca prinsiplərindən olmalıdır.

Bununla belə, ekspert qadağanın təkbaşına yetərli olmayacağını vurğulayıb. Onun fikrincə, müəllimlərə yolverilməz davranışlar bildirilsə də, onların əvəzinə istifadə edə biləcəkləri üsullar kifayət qədər izah olunmur. Sinifdə 25-30 şagirdin olduğu şəraitdə davranış çətinlikləri ilə üzləşən uşaqların olması mümkündür. Müəllimin təsirli intizam vasitələri yoxdursa, sinfə nəzarəti itirə və ya qeyri-rəsmi üsullara müraciət edə bilər. Hər iki nəticə təhsil sisteminə zərər verir.

Həsənli cəza ilə intizamın fərqli anlayışlar olduğunu qeyd edərək müəllimlərə konkret mexanizmlərin verilməsini vacib sayır. Bu mexanizmlərə şagirdlərlə birgə sinif qaydalarının hazırlanması, mərhələli tədbirlər, xəbərdarlıq, şagirdlə ayrıca söhbət, valideynlə əlaqə, psixoloq və ya məktəb rəhbərliyinin prosesə qoşulması, eləcə də müsbət davranışın həvəsləndirilməsi daxildir. Onun qənaətincə, həmin yanaşmalar normativ sənədlərdə aydın göstərilməlidir.

Alyans sədri müəllimlərin davranışın idarə olunması və münaqişələrin həlli üzrə yalnız birdəfəlik seminarlara qatılmasını yetərli hesab etmir. O, davamlı, praktik təlimlərin keçirilməsini təklif edir. Çətin davranış göstərən şagirdlərlə bağlı müəllimin tək qalmaması üçün isə məktəblərdə yetərli sayda psixoloq və sosial pedaqoq olmasının vacibliyini bildirir.

Həsənli zorakılığın hansı halları əhatə etdiyinin dəqiq müəyyənləşdirilməsini də zəruri sayır. Əks halda, qeyri-müəyyənlik həm real zorakılıq hallarının diqqətdən kənarda qalmasına, həm də müəllimlərin əsassız ittihamlar qarşısında müdafiəsiz olmasına yol aça bilər.

Ekspertin fikrincə, uşağın tərbiyəsi təkcə müəllim və məktəbin vəzifəsi deyil: valideyn də övladının davranışına görə məsuliyyət daşımalı və məktəblə əməkdaşlıq etməlidir. O əlavə edib ki, cəmiyyətdə müəllim nüfuzuna hörmət zəif olduqda, yalnız qadağalarla sinifdə qayda yaratmaq çətinləşir.

Həsənli qərarın nəticəsinin onun tətbiq mexanizmlərindən asılı olacağını deyib. Müəllimlərə zərərli vasitələrdən istifadəni qadağan etməklə yanaşı, səmərəli alternativlər, lazımi bilik və hüquqi müdafiə də verilməlidir. Əks halda, yeni tələb kağız üzərində qala bilər.