QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, 2027-ci ildə İşsizlikdən sığorta fondunun (İSF) xərclərinin 319,2 milyon manata çatacağı proqnozlaşdırılır. Gələn il fondun maliyyə vəsaiti ilə 444 minə yaxın şəxsin aktiv məşğulluq tədbirlərinə cəlb olunması planlaşdırılır.
Gəlir və xərc proqnozlarına görə, İSF-nin gəlirləri cari illə müqayisədə 30,6 milyon manat, yaxud 12,8 faiz artaraq 268,9 milyon manat təşkil edəcək. Xərclərin isə 52,8 milyon manat və ya 19,8 faiz yüksələrək 319,2 milyon manata çatacağı gözlənilir.
Fondun vəsaiti işsizlikdən sığorta ödənişlərinə, eləcə də aktiv məşğulluq proqramlarına sərf olunacaq. Bu tədbirlər özünüməşğulluq proqramını, peşə hazırlığını, ödənişli ictimai işləri, əlavə təhsili və peşəyönümü məsləhətlərini əhatə edəcək. Peşə standartlarının hazırlanması da nəzərdə tutulur.
Həmçinin, 2027-ci ildə Fondun dəstəyi ilə 14,5 min ailə üçün kiçik təsərrüfatlar qurulması planlaşdırılır. Proqram işsiz və iş axtaran şəxslərə kiçik biznes yaratmaq imkanı verəcək.
Gələn il ərzində ümumilikdə 444 minə yaxın şəxsin aktiv məşğulluq tədbirlərinə cəlb edilməsi istiqamətində iş aparılacaq.