QafqazNews Manset.az-a istinadən xəbər verir ki, 2027-ci ildə şəhid ailələri və müharibə əlilləri üçün 600 mənzilin alınmasına 40 milyon manat ayrılması nəzərdə tutulur.
Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsi ilə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin birgə iclasında Dövlət Sosial Müdafiə Fondunun 2027-ci il büdcəsi layihəsinin müzakirəsi zamanı məlumat verib.
Nazir bildirib ki, gələn il imtiyazlı şəxslərin mənzil, avtomobil və reabilitasiya vasitələri ilə təmin edilməsi proqramları davam etdiriləcək. Mənzil şəraitinin yaxşılaşdırılması üçün nəzərdə tutulan vəsait şəhid ailələri və müharibə nəticəsində əlilliyi müəyyən edilmiş şəxsləri əhatə edir.
Bundan başqa, tibbi göstərişi olan müharibə əlillərinin avtomobillərlə, eləcə də müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin reabilitasiya vasitələri ilə təmin olunmasına 30 milyon manatdan artıq vəsait ayrılması planlaşdırılır.