QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, icbari tibbi sığorta sahəsində idarəetmənin təkmilləşdirilməsi barədə fərmanın icrası çərçivəsində Nazirlər Kabinetinin bir sıra qərarlarına düzəliş edilib. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Dəyişikliklə şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacına dair tibbi göstərişin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemindəki Əlillik altsisteminə daxil edilməsi tələbi aradan qaldırılıb.
Mövcud qaydaya görə, əlilliyin qiymətləndirilməsi üçün tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya müvafiq hərbi-həkim komissiyaları elektron göndəriş hazırlayır. Sənəd “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə daxil edilir, rəsmiləşdirmə barədə məlumat isə daha sonra altsistemə ötürülür.
Göndəriş qəbul edildikdən sonra onu hazırlayan komissiyanın, təsdiqləyən vəzifəli şəxslərin və qiymətləndiriləcək şəxsin kimliyini müəyyənləşdirə bilən məlumatlar şifrələnərək adsızlaşdırılır. Ardınca göndəriş əlilliyin qiymətləndirilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin tibbi-sosial ekspert komissiyalarına (TSEK) göndərilir.
TSEK təqdim olunan məlumatlar əsasında ən geci 10 iş günü ərzində əlilliyi qiymətləndirərək onun müəyyən edilməsi və ya səbəbləri göstərilməklə imtina barədə qərar verir. Əlavə araşdırma zərurəti yaranarsa, Agentlik TSEK-in müraciəti ilə müddəti 15 iş gününədək uzada bilər. Komissiyanın sədri və üzvləri öz rəylərini altsistemdəki xüsusi pəncərədə ayrı-ayrılıqda qeyd edir və gücləndirilmiş elektron imza ilə təsdiqləyirlər.
Əvvəlki qaydada qərara əlilliyin qiymətləndirilməsi məlumatları ilə yanaşı, sosial müdafiə tədbirləri və reabilitasiya vasitələrinə ehtiyac barədə tibbi göstəriş də əlavə olunurdu. Yeni dəyişikliklə həmin göstərişin altsistemə daxil edilməsi tələbi ləğv edilib.