QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, noyabrın 15-də ölkə üzrə istilik mövsümünün başlanması ilə əlaqədar təhsil müəssisələrində hazırlıq tədbirləri görülüb. Bu istiqamətdə işlər hazırda da davam edir.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin məlumatına görə, hazırlıq zamanı müəssisələrdəki istilik sistemlərinin vəziyyəti araşdırılıb, qazanxana və sistemlərin texniki işləkliyi aidiyyəti qurumlarla birlikdə yoxlanılıb. Müəyyən edilmiş və ehtimal olunan nasazlıqların aradan qaldırılması üçün zəruri tədbirlər görülüb.
Hazırda 214 məktəb və 151 məktəbəqədər təhsil müəssisəsinin istiliklə təminatı mərkəzləşdirilmiş qaydada həyata keçirilir. Odun yanacağından istifadə edən bütün təhsil müəssisələri pellet yanacağına keçirilib. Ümumilikdə 1438 müəssisə üçün 9209 pellet sobası verilib.
Qazlaşdırma işlərinə 176 təhsil müəssisəsində başlanıb. Bu işlər 144 müəssisədə başa çatıb, 32-də isə davam edir. Qazlaşdırılması tamamlanmayan müəssisələrdə istilik alternativ avadanlıqlarla təmin olunur.
Cari ildə 743 təhsil müəssisəsinin istilik sistemi təmir edilib. Mövsüm ərzində yarana biləcək texniki çətinliklərin operativ həlli və sistemlərdəki nasazlıqların aradan qaldırılması üçün regionlarda aidiyyəti qurumların iştirakı ilə xüsusi qruplar yaradılıb. Müraciətlər qeydə alınaraq təhlil olunur və onların qısa müddətdə həlli üçün tədbirlər görülür.
Təhsil müəssisələrində istiliyin dayanıqlı təmin edilməsi, çatışmazlıqların aradan qaldırılması və mövsüm ərzində yarana biləcək problemlərə vaxtında müdaxilə məqsədilə işlər davam etdiriləcək.