QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Azərbaycanda peşə təhsili 1843-cü ildə Şəkidə ilk təcrübi ipəkçilik məktəbinin açılması ilə başlayıb. Bu sahə ixtisaslı kadrların hazırlanması, iqtisadiyyatın müxtəlif istiqamətlərinin inkişafı və gənclərin əmək fəaliyyətinə hazırlanmasında mühüm yer tutur. 1887-ci ildə Bakı Şəhər Peşə Mərkəzi fəaliyyətə başlayıb.

Peşə təhsilinin ilk əsaslarının yaranmasından 97 il sonra, 1940-cı ildə ölkədə 32 təhsil müəssisəsi fəaliyyət göstərirdi. Arxiv məlumatlarına görə, 1969-cu ildə 76 texniki-peşə məktəbində təxminən 41 min şagird oxuyurdu. 2007-ci ildə Texniki-peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramının qəbul edilməsi sahənin inkişafına yönəlmiş mühüm addımlardan biri olub.

Müasir peşə təhsilinin institusional əsasları əsasən 2016–2021-ci illərdə formalaşıb. Həmin mərhələdə məqsəd əmək bazarının dəyişən ehtiyaclarına uyğunlaşan, çevik və səmərəli sistem yaratmaq olub.

Sistemin idarə olunmasını təkmilləşdirmək üçün 2016-cı ildə Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradılıb. Hüquqi bazanın gücləndirilməsində 2018-ci ildə qəbul olunan “Peşə Təhsili haqqında” Qanun mühüm rol oynayıb. 2016–2018-ci illərdə ixtisaslaşmış peşə təhsili mərkəzlərinin yaradılması şəbəkənin və infrastrukturun genişlənməsinə xidmət edib.

İşəgötürənlərlə əməkdaşlıq dual təhsil modeli, o cümlədən iş yerində öyrənmə imkanları vasitəsilə inkişaf etdirilib. Peşə təhsili alt sisteminin yaradılması isə proseslərin elektronlaşdırılmasına və idarəetmənin yaxşılaşdırılmasına yönəlib.

2022–2026-cı illər Sosial-İqtisadi İnkişaf Strategiyası çərçivəsində peşə təhsili üzrə 7 hədəf müəyyən edilib. Təqdim olunan məlumata əsasən, onların icrası təmin olunub. Peşə təhsilində tələbələrin sayı 11 min nəfər, yüksək texniki peşə təhsilinə cəlb edilənlərin sayı isə 9200 nəfər artıb.

Strategiya müddətində 75 yeni təhsil proqramı həyata keçirilib, müasir avadanlıqlarla təmin olunmuş 8 peşə təhsili mərkəzi istifadəyə verilib. Həmçinin 8 elektron xidmət təqdim edilib, 15 min nəfər qısamüddətli təlimlərdə iştirak edib. Adambaşına maliyyələşmə modeli əlavə olaraq 12 min tələbəni əhatə edib.

Tədris proqramlarının əmək bazarındakı cari və gələcək ehtiyaclara uyğunlaşdırılması inkişafın əsas istiqamətlərindəndir. Bu çərçivədə yeni texnologiyalar, iqtisadiyyatın inkişaf edən sahələri və müasir ixtisaslar tədrisə daxil edilir.

2023–2026-cı illərdə Sosial-İqtisadi İnkişaf Strategiyası çərçivəsində 33 yeni ixtisas yaradılıb. Onlar informasiya-kommunikasiya texnologiyaları, bərpa olunan enerji, rəqəmsal məzmun, mexatronika və rəqəmsal istehsalat, elektrik və hibrid nəqliyyat, qida emalı və aqrotexnologiyanı əhatə edir.

Peşə təhsili alanların bilik və bacarıqlarını beynəlxalq standartlara uyğunlaşdırmaq, rəqabət qabiliyyətlərini artırmaq məqsədilə sertifikat proqramları da icra olunub. Bunların sırasında Pearson IT Specialist Certification, CompTIA Security, Autodesk Certified User AutoCAD, ACCA (F1, F2, F3) və City & Guilds proqramları var.