QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev ibtidai təhsilin keyfiyyətinin uzun illər arzuolunan səviyyəyə çatmadığını deyib. O, bu fikirləri “Peşə Təhsili Forumu”nda “Dəyişən iqtisadiyyat, dəyişən bacarıqlar: Gələcəyin insan kapitalının yetişdirilməsi” mövzusunda təşkil olunan paneldə səsləndirib.

Nazirin sözlərinə görə, son illərdə Elm və Təhsil Nazirliyinin əsas hədəflərindən biri ibtidai təhsilin keyfiyyətini yüksəltməkdir. Əmrullayev bildirib ki, burada söhbət hər bir vətəndaşın əldə etməli olduğu minimum bilik və bacarıqların formalaşdığı baza təhsilindən gedir. Bu mərhələ hazırda dörd ili əhatə edir.

O qeyd edib ki, ibtidai təhsilin səviyyəsində tədricən müsbət dəyişiklik müşahidə olunur və bu istiqamətdə müxtəlif tədbirlər görülür.

Əmrullayevin bildirdiyinə görə, sertifikasiya imtahanlarının nəticələri əsasında işdən çıxarılan müəllimlərin əksəriyyəti ibtidai siniflərdə dərs deyənlər olub. Nazir vurğulayıb ki, bu addım ayrı-ayrı müəllimlərin nüfuzuna və bacarıqlarına xələl gətirmək məqsədi daşımayıb.

O, ibtidai təhsil müəllimlərinin böyük qisminin orta ixtisas təhsilli olmasını ölkədə uzun müddət mövcud olmuş müəllim çatışmazlığı ilə əlaqələndirib. Əmrullayev bildirib ki, hazırda ibtidai və məktəbəqədər təhsil pillələrində tədrisin ali təhsilli müəllimlər tərəfindən aparılmasına keçilib. Nazir bu dəyişikliklərin uzun müddətdə müsbət nəticə verəcəyinə inandığını söyləyib.