QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, ödəniş terminalları vasitəsilə 500 manatdan artıq məbləğdə ödəniş və pul köçürməsi edən şəxslərdən kimliklərini təsdiqləmək tələb olunur. Bunun üçün “bir ID”, “SİMA” və ya “myGov” platformalarından istifadə edilə bilər. Yeni qaydanın hansı səbəbdən tətbiq edildiyi müzakirə mövzusudur.

Hüquqşünas Əkrəm Həsənovun sözlərinə görə, riskli sayılan maliyyə əməliyyatlarında müştərinin tam eyniləşdirilməsi tələbi qanunvericilikdən irəli gəlir. O bildirib ki, çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanun maliyyə xidməti göstərən qurumların belə əməliyyatlar üzrə müştəriləri müəyyənləşdirməsini nəzərdə tutur.

Həsənov qeyd edib ki, bu yanaşma yalnız Azərbaycanda tətbiq olunmur. Onun fikrincə, əməliyyatı həyata keçirən qurum onu qeyd olunan məqsədlər baxımından riskli hesab edərsə, müştəridən əlavə təsdiq tələb edə bilər.

İqtisadçı Natiq Cəfərli isə məhdudiyyətin nəzərəçarpacaq nəticə verəcəyinə inanmır. O hesab edir ki, kommunal xidmətlərin ödənişlərinə bu tələb şamil edilməməli idi. Cəfərli bildirib ki, regionlarda iri evlər üzrə kommunal ödənişlər 500 manatı keçə bilər və hər dəfə belə əməliyyat zamanı yaranan çətinliklərə ehtiyac yoxdur.

Ekspertin sözlərinə görə, “Milli ön” vasitəsilə 500 manatdan yuxarı bank krediti ödəmək mümkündür. O, iqtisadiyyat və bank sektorunda bu cür məhdudiyyətlərin əlavə gərginlik yaratdığını vurğulayıb.

Sakinlərin narazılıq etdiyi məsələlər sırasında terminallar və mobil tətbiqlərlə aparılan əməliyyatlar üçün tutulan komissiyalar da var.