QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, iqtisadçı Xalid Kərimli “Qara cümə” kampaniyalarının şirkətlərin könüllü satış və marketinq təşəbbüsləri olduğunu bildirib. Onun sözlərinə görə, bu aksiyalar həm alıcıları cəlb etməyə, həm də satış həcmini artırmağa xidmət edir.
Kərimli qeyd edib ki, kampaniyalar şirkətlərin tanınmasını gücləndirə, əvvəlki dövrlərdən anbarda qalan məhsulların satışını sürətləndirə və anbarlarda yer boşaltmağa imkan yarada bilər. Şirkətlər endirimləri maliyyələşdirmək üçün marketinq büdcələrindən vəsait ayırır, satışın çoxalması ilə sabit xərclərin hər məhsula düşən payını azaltmağa çalışırlar.
İqtisadçı vurğulayıb ki, “Qara cümə” qısamüddətli kampaniyadır və istehlakçılar ehtiyaclarına uyğun keyfiyyətli məhsulları daha münasib qiymətə almaq imkanından yararlana bilərlər. Bununla belə, endirimdə satılan mallar ölkə standartlarına və qanunvericiliyin tələblərinə cavab verməlidir. Məhsulun istifadə müddətinin keçməsi və keyfiyyət normalarından kənara çıxması yolverilməzdir.
Onun sözlərinə görə, şirkətlərin satış və gəlirlərinin artması iqtisadi fəallığa, eləcə də gələcək investisiya və digər xərclər üçün imkanların genişlənməsinə töhfə verə bilər. Sahibkarlar kampaniyada qazanc əldə etmək məqsədilə iştirak edirlər.
Kərimli istehlakçıların aldadılmamasının əsas şərt olduğunu bildirib. Sahibkarlar Rəqabət Məcəlləsinin, xüsusilə haqsız rəqabətə dair müddəalarına əməl etməli və alıcılara yanlış məlumat verməməlidirlər. İqtisadçının qeyd etdiyi kimi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bazarlarda mütəmadi monitorinqlər aparır, istehlakçını yanıltmaq isə qanun pozuntusudur.