QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, evdəki nizamsızlıq ailə üzvləri arasında fikir ayrılığına və mübahisələrə yol aça bilər. IKEA şirkətinin 31 ölkədən 31 488 nəfərin iştirak etdiyi araşdırması qarışıqlığın gündəlik həyata və münasibətlərə təsirini üzə çıxarıb.
Sorğuya əsasən, ev təsərrüfatlarının 38 faizində ailə üzvlərindən biri əşyaları qəsdən yerinə qoymur və başqasının onları yığışdıracağını gözləyir.
Mətbəx dəzgahı evdə qarışıqlığın tez-tez yarandığı yerlərdən sayılır. Respondentlərin 24 faizi həmin sahəni səliqəli saxlamaqda çətinlik çəkdiyini deyib. İştirakçıların 37 faizi isə dəzgahın üstündəki əşyaların mübahisə doğurduğunu bildirib.
Araşdırmada qeyd olunub ki, iştirakçıların 10 faizi sobanı əşyalarını saxlamaq üçün istifadə edir. Çində bu rəqəm 21 faizdir.
Evdəki dağınıqlıq səbəbindən respondentlərin 10 faizi qonaq qəbul etmək niyyətindən vaz keçdiyini söyləyib. Daha 34 faiz qonaqlar gəlməzdən əvvəl əşyaları başqa otağa keçirərək qarışıqlığı gizlətməyə çalışır.
Tədqiqat iştirakçılarının 82 faizi istifadə etmədikləri halda belə, xatirə baxımından dəyərli əşyaları saxlayır. Mütəxəssislər evdəki nizamsızlığın yalnız məişət məsələsi olmadığını, ailə üzvlərinin gündəlik emosional durumuna da təsir etdiyini düşünür.