QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, İspaniyanın Kordova Universitetinin tədqiqatçıları B12 vitamini əsasında enerji yaradan və təkrar doldurula bilən təcrübə batareyası hazırlayıblar. Sınaqlarda prototip 250 doldurulma və boşalma mərhələsini tamamlayıb.

Alimlər sink-hava batareyasında katalizator funksiyası daşıması üçün B12 vitaminindən yararlanıblar. Bu yanaşma gələcəkdə bərpaolunan mənbələrdən alınan artıq elektrik enerjisinin toplanmasına şərait yarada bilər.

Bu tip batareyalar elektrik enerjisi yaratmaq üçün ətraf havadakı oksigendən istifadə edir. Nəticədə onların çəkisi daha az, enerji sıxlığı isə yüksək olur. Sinkin geniş yayılması və təkrar emala yararlı olması da texnologiyanın üstünlükləri sırasındadır.

Tədqiqat zamanı yaranan əsas məsələlərdən biri vitaminin batareyanın içində sabit qalmasını təmin etmək olub. B12 suda asan həll olunduğuna görə alimlər onu birdivarlı karbon nanoborucuqlarına birləşdiriblər. Beləliklə, vitamin batareyanın daxilində saxlanılır və kimyəvi reaksiyalarda iştirak edə bilir.

B12 vitamini həm enerji istehsalında, həm də batareyanın yenidən doldurulması zamanı katalizator kimi fəaliyyət göstərir. Təcrübə qurğusu sınaqlar ərzində 250 doldurulma-boşalma dövrünə davam gətirib.

Hazırda eksperimental mərhələdə olan texnologiyanın inkişaf etdirilməsi planlaşdırılır. Tədqiqatçıların fikrincə, bu batareyalar gələcəkdə daha təhlükəsiz və ekoloji cəhətdən dayanıqlı enerji saxlama sistemlərinin yaradılmasına kömək edə bilər.