QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Azərbaycanda 2027-ci ildən istehsal müddəti beş ildən artıq olmayan ikinci əl avtomobillərin və mənzillərin təkrar satışına vergi güzəştlərinin tətbiqi planlaşdırılır. Təkliflərin avtomobil və daşınmaz əmlak bazarındakı xərcləri azaltmağa yönəldiyi bildirilir.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun sözlərinə görə, beş ildən çox olmayan ikinci əl avtomobillərin satışı üç il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad edilə bilər. Deputat qeyd edib ki, bu addım satış xərclərinə və bazar qiymətlərinin formalaşmasına müsbət təsir göstərə bilər.

Güzəştin mənzillərin təkrar satışına da şamil olunması nəzərdə tutulur. Bayramovun açıqlamasına əsasən, bu satışlar üçün ƏDV-dən azadolma növbəti üç il ərzində tətbiq edilə bilər.

Deputat köhnə yaşayış binalarının sökülərək yerində yenilərinin tikintisi ilə bağlı təklifi də açıqlayıb. Mexanizmə əsasən, ƏDV hesablanarkən əvvəlki binanın sahəsi nəzərə alınaraq yeni tikilinin sahəsindən çıxılacaq. Beləliklə, vergi bütün yeni binanın sahəsinə deyil, köhnə binanın sahəsi çıxıldıqdan sonra qalan hissəyə tətbiq ediləcək.

Vüqar Bayramov bildirib ki, bu qayda, xüsusilə pilot layihələrdə köhnə yaşayış binalarının yerində yeni binaların inşası zamanı tikinti xərclərinin azalmasına şərait yarada bilər.