QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Almaniya Bundestaqında ilk dəfə qadınların cinsinə görə öldürülməsi nəticəsində həyatını itirənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Parlament iclasından əvvəl çıxış edən Bundestaq sədri Yuliya Klökner Almaniyada zorakılıq səbəbindən demək olar ki, hər gün bir qadın və ya qız uşağının öldüyünü bildirib.

Klöknerin sözlərinə görə, rəqəmlərin arxasında qisas və qısqanclıq motivli qətllər, intiharlar, həmçinin zorlamaların ört-basdır edilməsi kimi ağır cinayətlər dayanır. O qeyd edib ki, ötən il femisid qurbanı olan hər bir qadın üçün bir dəqiqəlik sükut elan edilsəydi, Bundestaq binasında ümumilikdə beş saat 42 dəqiqə sükut olardı.

Almaniya hökuməti və Federal Cinayət Polisi İdarəsinin məlumatına görə, ötən il ölkədə qətl və qətlə cəhdlərin qurbanı təxminən 1200 qadın və qız uşağı olub. Onlardan 342-si öldürülüb.

Həyatını itirən qadınların 209-u məişət zorakılığı nəticəsində qətlə yetirilib. Bildirilib ki, 130 qadını hazırkı və ya keçmiş partnyoru öldürüb.

Noyabrın 25-i Qadınlara qarşı zorakılığın aradan qaldırılması uğrunda Beynəlxalq Mübarizə Günüdür. Günün rəmzi rəngi narıncıdır. Yuliya Klökner parlamentdəki çıxışında bu rəngdə geyim seçib.