QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, “Qalatasaray”ın keçmiş futbolçusu, Yuqoslaviya futbolunun tanınmış simalarından Cevad Prekazi 69 yaşında vəfat edib.

Keçmiş idmançı noyabrın 8-də öz evində dünyasını dəyişib. Ölümün səbəbi barədə indiyədək rəsmi açıqlama verilməyib.

“Qalatasaray” klubu sabiq oyunçusunun vəfatı ilə bağlı başsağlığı mesajı yayıb. Klubun bəyanatında Prekazinin yaddaqalan qolları və azarkeşlərə yaşatdığı sevinc sayəsində tərəfdarların yaddaşında daim qalacağı qeyd olunub.

Cevad Prekazi 1985–1991-ci illərdə “Qalatasaray”da çıxış edib. İstanbul təmsilçisi ilə iki dəfə Türkiyə çempionluğunu qazanan futbolçu, ölkə kubokuna bir, Superkuboka isə üç dəfə sahib olub.

O, 1989-cu ildə “Monako” ilə oyunda təxminən 40 metr məsafədən vurduğu cərimə zərbəsi ilə xüsusilə yadda qalıb. Karyerası boyunca Prekazi “Partizan”, “Hayduk Split”, “Altay” və “Bakırköyspor” komandalarında da oynayıb.