QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Azərbaycanın xüsusi mühafizə olunan təbiət ərazilərində vəhşi heyvanların əvvəlki yaşayış sahələrinə qaytarılması və saylarının bərpası üçün tədbirlər görülüb.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Xaliq Mirzəyev bildirib ki, Şirvan Milli Parkından götürülən 10 ceyran Arazboyu Dövlət Təbiət Yasaqlığında təbiətə buraxılmaq üçün Naxçıvana göndərilib və aidiyyəti üzrə təhvil verilib.
Xidmət rəhbərinin məlumatına əsasən, akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkından götürülmüş 4 bezoar keçisi İlisu Milli Parkına gətirilərək təbiətə buraxılıb.
Heyvanların köçürülməsi “Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası” layihəsi çərçivəsində həyata keçirilib.