QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Sumqayıtda istismar müddəti bitmiş təxminən 40 binanın sökülməsi və 1 500-ə yaxın mənzilin bu prosesə cəlb olunması planlaşdırılır. Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, bəzi ünvanlarda hazırlıq və inventarizasiya işlərinə başlanıb.
Onun sözlərinə görə, yenidənqurma çərçivəsində köhnə yaşayış fondunun yeni binalarla əvəzlənməsi nəzərdə tutulur. İlk mərhələdə 21-ci və 29-cu məhəllələrdə, 2-ci mikrorayonun 17-ci məhəlləsində, həmçinin 5-ci məhəllədəki Kimyaçılar yaşayış massivində qəzalı binaların sökülməsi planlaşdırılır.
Oruc qeyd edib ki, sakinlərin kompensasiyası ərazinin xüsusiyyətlərindən və orada yeni binaların tikilib-tikilməyəcəyindən asılı olacaq. Yeni tikililərin inşa olunduğu yerlərdə sakinlərə mənzil verilməsi, tikintinin nəzərdə tutulmadığı ərazilərdə isə pul ödənilməsi planı var. Kompensasiya məbləğinin 1 500-2 000 manat arasında olması nəzərdə tutulur.
Söküntünün başlanması və başa çatması üçün konkret tarixlər hər ərazi üzrə layihələndirmə, inventarizasiya, maliyyələşmə və sakinlərlə razılaşmanın gedişindən asılıdır. Oruc bildirib ki, hazırlıq tədbirləri görülsə də, bütün binalar üzrə rəsmi qrafik və yekun tarixlərin açıqlanması vacibdir.
AQC İdarə Heyətinin sədri hesab edir ki, kompensasiya ilə yanaşı, yeni binalarda mənzillə təminat imkanları da nəzərdən keçirilməlidir. Onun fikrincə, sakinlərə əmlakın bazar dəyərinə uyğun ədalətli ödəniş və ya əvvəlki yaşayış şəraitini qoruyan, mümkün qədər daha əlverişli yeni mənzil arasında seçim verilməlidir. Vətəndaşların seçim hüququnun və mülkiyyət maraqlarının qorunması əsas şərtdir.
Kompensasiyanın hesablanmasında mənzilin sahəsi, mərtəbəsi, otaqların sayı, binanın mövqeyi və ərazinin bazar qiyməti nəzərə alınmalıdır. Oruc bildirib ki, bütün mənzillərə eyni qiymətin tətbiqi obyektiv qiymətləndirmə prinsiplərinə uyğun gəlməz. Müstəqil peşəkar qiymətləndirmə mübahisələrin azalmasına kömək edə bilər. Yeni mənzillər təhvil verilənədək sakinlərin müvəqqəti yaşayış yeri və kirayə xərcləri də əvvəlcədən razılaşdırılmalıdır.
Oruc əlavə edib ki, layihə düzgün planlaşdırılarsa, Sumqayıtın yaşayış fondunun keyfiyyəti yüksələ, əmlak bazarı inkişaf edə və şəhər mühiti müasirləşə bilər. Onun sözlərinə görə, əsas göstərici tikilən binaların sayı deyil, sakinlərin yaşayış şəraitində baş verəcək dəyişiklik olmalıdır; şəhərin yenilənməsi insan və onun mülkiyyət hüquqları nəzərə alınmaqla aparılmalıdır.