QafqazNews Yeniavaz.com-a istinadən xəbər verir ki, Türkiyənin ən yüksək inzibati məhkəməsi olan Danıştay Əkrəm İmamoğlunun universitet diplomunun ləğvi barədə qərarı qüvvədə saxlayıb. İstanbulun həbsdə olan bələdiyyə sədri bu qərardan kassasiya qaydasında şikayət etmişdi, lakin məhkəmə əvvəlki qərarların dəyişdirilməsi üçün əsas tapmayaraq müraciəti rədd edib.

Bununla diplomun ləğvinə dair inzibati məhkəmə instansiyalarındakı şikayət mərhələləri başa çatıb. Qərarla bağlı rəsmi bildiriş təqdim edildikdən sonra İmamoğlunun Türkiyə Konstitusiya Məhkəməsinə müraciət etmək imkanı qalacaq.

Türkiyə Konstitusiyası prezidentliyə namizəd olmaq üçün ali təhsil tələb edir. Buna görə də diplomun ləğvi İmamoğlunun gələcəkdə prezidentliyə namizədliyini irəli sürməsinə mane ola bilər.

2025-ci ilin martında İstanbul Universitetinin rəhbərliyi Əkrəm İmamoğlu da daxil olmaqla 28 nəfərin diplomunun verilməsi prosesində qanun pozuntusu aşkarlandığını əsas gətirərək sənədlərin ləğvi barədə qərar qəbul etmişdi. İmamoğlunun Şimali Kiprdəki universitetdən İstanbul Universitetinə köçürülməsinin qanunsuz olduğu da müəyyən edilmişdi.

İmamoğlu qərardan məhkəməyə şikayət versə də, iddiası əvvəlcə birinci instansiya, daha sonra apellyasiya məhkəməsində rədd olunub. Onun diplomuna dair məlumatlar İstanbul Universitetinin bazasından və Türkiyənin e-Devlet elektron dövlət sistemindən də silinib.

“BirGün”ün yazdığına görə, son qərar İmamoğlunun prezidentliyə namizəd olmaq imkanının aradan qalxması deməkdir.