QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Avroviziya təmsilçisi Dilarə Kazımova uzun müddətdir anonsunu verdiyi musiqi layihəsini təqdim edib.
Müğənni “Running”, “PUL”, “Dəli”, “Xarizma” və “Zəng-zəng” mahnılarını yeni remiks variantlarında dinləyicilərə çatdırıb. Layihədə DJ Hafex, DJ Vugarixx, DJ N.E.Z və Almaniyadan olan DJ Jojo iştirak ediblər. “PUL”un yeni versiyasını Fidan Aliva, “Dəli”nin remiksini isə Dilarə Kazımova hazırlayıb.
Beş kompozisiyanın yer aldığı “Remix Set (Medley)” ekran işi xüsusi vizual konsepsiya ilə çəkilib. Layihənin ideyası Kazımovaya məxsusdur. Klipin rejissorluğunu müğənni “Toxy-Foxy” yaradıcı qrupu ilə birgə edib.
Çəkiliş üçün xüsusi məkan müəyyənləşdirilib, fərqli obrazlar yaradılıb və vizual görünüşə xüsusi diqqət yetirilib. Kazımova klipdə DJ obrazında iki ayrı geyimdə lentə alınıb. Ekran işində sənətçinin dostları da iştirak ediblər. Müğənninin geyim tərzini özü və Jalə Bağırova hazırlayıb.
Dilarə Kazımova layihəni yaradıcılığında növbəti yenilik adlandırıb. Azərbaycanın ilk proqressiv ritmik janrlı layihəsi kimi təqdim etdiyi “Remix Set (Medley)”in yağışlı noyabr günlərində dinləyicilərə xoş ovqat gətirəcəyinə ümid etdiyini deyib.
Sənətçi beş mahnının hər birinin özünəməxsus xüsusiyyəti olduğunu bildirib. Layihə bütün rəqəmsal musiqi platformalarında yayımlanıb.