QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Azərbaycanda büdcəyə əlavə yük yaradan, zərərlə işləyən və dividend ödəməyən dövlət müəssisələrinin fəaliyyəti yenidən müzakirə olunur. Hesablama Palatası 2027-ci ilin dövlət büdcəsi ilə bağlı rəyində belə qurumlarda optimallaşdırma aparılmasını, zərurət yaranarsa, onların ləğvi və ya özəlləşdirilməsi imkanlarının nəzərdən keçirilməsini təklif edib. Bu mövqe iri dövlət şirkətlərində struktur dəyişiklikləri, birləşmələr və mümkün ixtisarlar barədə müzakirələrə səbəb olub.
İqtisadçı Razi Abbasbəyli bildirib ki, büdcə yükünün azaldılması və maliyyə intizamının möhkəmləndirilməsi üçün ilk növbədə zərər edən, dividend ödəməyən və aşağı səmərəliliklə çalışan müəssisələr qiymətləndirilməlidir.
Onun sözlərinə görə, Hesablama Palatasının “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” Qanun layihəsinə dair rəyində dividend ödəməyən dövlət müəssisələrinin, eləcə də onların törəmə qurumlarının maliyyə vəziyyətinin yaxşılaşdırılması üçün tədbirlərin görülməsinin vacibliyi qeyd olunur.
Abbasbəyli xatırladıb ki, 2025-ci il dekabrın 29-da təsdiqlənən dividend siyasəti dövlət müəssisələrinin xalis mənfəətinin ən azı 30 faizinin dividend kimi ödənilməsini nəzərdə tutur. Müəssisə iki il ardıcıl zərər etdikdə isə Maliyyə Nazirliyi bunun səbəblərini araşdırmalı, təkliflərini Prezidentə təqdim etməlidir.
İqtisadçının diqqət çəkdiyi qurumlardan biri “Bakı Metropoliteni” QSC-dir. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) 2024-cü ilin sentyabrında yayımladığı “Azərbaycan İnvestisiya Holdinqinin və onun dövlət müəssisələrinin korporativ idarəetməsinin icmalı” hesabatında metropolitenin idarəçilik və maliyyə şəffaflığı məsələləri də qiymətləndirilib.
Abbasbəyli “Bakı Metropoliteni” QSC-nin 2018–2022-ci illər üzrə nəticələrini qeyd edib. Şirkətin zərəri 2018-ci ildə 32,3 milyon, 2019-cu ildə 32,4 milyon, 2020-ci ildə 23 milyon, 2021-ci ildə 40,7 milyon, 2022-ci ildə isə 48,7 milyon dollar olub. Beşillik dövr üzrə ümumi zərər 177,1 milyon dollara çatıb, həmin müddətdə dividend ödənişi aparılmayıb.
SOCAR-ın strukturu da nəzərdən keçirilə biləcək istiqamətlər sırasındadır. İqtisadçı düşünür ki, şirkətin kiçik və səmərəliliyi aşağı törəmə qurumlarının bağlanması və ya birləşdirilməsi 2027-ci ildə müzakirə oluna bilər. SOCAR-ın idarəetməsinin təkmilləşdirilməsi ilə bağlı beynəlxalq audit və qiymətləndirmə sənədlərində də müxtəlif tövsiyələr yer alır.
Razi Abbasbəylinin qənaətincə, dəyişikliklər Azərbaycan Dəmir Yolları, AZAL və “Azərişıq”a da şamil edilə bilər. Bu müəssisələrdə bəzi funksiyaların bir araya gətirilməsi, təkrarlanan idarəetmə bölmələrinin aradan qaldırılması və xərclərin optimallaşdırılması mümkündür.
İqtisadçı BakuBus və “Təmiz Şəhər” ASC-nin də maliyyə vəziyyətinə diqqət çəkib. Onun bildirdiyinə görə, OECD-nin dövlət müəssisələri üzrə araşdırmasında həmin şirkətlər zərərlə işləyən qurumlar sırasında göstərilib.
Keçmiş “Azərsu” ASC-nin fəaliyyəti əsasında yaradılan və hazırda Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti də diqqətə alınmalı müəssisələrdəndir. İqtisadçının təqdim etdiyi rəqəmlərə əsasən, xidmət 2020–2024-cü illərdə, yəni beş hesabat ili ərzində cəmi 1 milyard 427,37 milyon manat xalis zərər edib.
“Azərxalça” ASC-nin göstəriciləri də diqqət doğurur. Bildirildiyinə görə, şirkətin yığılmış zərəri 2025-ci ilin sonunadək 24,6 milyon manata yüksəlib.
Abbasbəyli fəaliyyətini dayandırmış və ya səmərəliliyi aşağı olan törəmə müəssisələrin də optimallaşdırıla biləcəyini vurğulayıb. OECD-nin hesabatında Azərbaycan Beynəlxalq Bankının xaricdə yerləşən iki törəmə qurumunun — Rusiyadakı “ABB-Moskva” MMC-nin və Gürcüstandakı “ABB-Geo” QSC-nin fəaliyyət göstərmədiyi bildirilir.
Özəl sərmayə imkanlarından danışan iqtisadçı SOCAR-ın bəzi istehsal aktivlərinin də bu çərçivədə nəzərdən keçirilə biləcəyini deyib. OECD araşdırmasında 2023-cü ilin avqustunda özəl investisiyaların cəlb olunması planlaşdırılan müəssisələr arasında “Azərikimya” İstehsalat Birliyi, Karbamid zavodu və Metanol zavodunun adları çəkilib. Bu, həmin aktivlərə özəl kapital yatırılması imkanlarının olduğunu göstərir.
İqtisadçı sadalanan iri dövlət şirkətlərinin bütövlükdə özəlləşdirilməsini real saymasa da, onların daxilində struktur dəyişikliklərinin, ixtisarların və ayrı-ayrı bölmələrin birləşdirilməsinin mümkün olduğunu bildirib. Xüsusilə Azərbaycan Dəmir Yolları, AZAL, SOCAR, ABB, “Azərxalça” və İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətində idarəetmə xərclərinin azaldılması üçün tədbirlər görülə bilər.
Razi Abbasbəylinin fikrincə, büdcəyə yük yaradan dövlət müəssisələrində optimallaşdırma genişlənərsə, törəmə qurumların birləşdirilməsi və ləğvi ilə yanaşı, ştatların azaldılması da gündəmə gələ bilər. Nəticədə bəzi dövlət şirkətlərində işçi ixtisarları baş verə bilər.
Beləliklə, 2027-ci ildə müəssisələrin maliyyə dayanıqlığını artırmaq üçün görüləcək tədbirlər həm onların strukturuna, həm də əməkdaşlarının gələcək iş vəziyyətinə təsir göstərə bilər.