QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin göstərdiyi xidmətlər üzrə tariflər təsdiqlənib. Bununla bağlı müvafiq qərar imzalanıb.

Qiymətlər ƏDV nəzərə alınmadan manatla müəyyən edilib. İnternet kanalının aylıq hər 1 Mb/s tutumu 100 Mb/s-dək olduqda 16 manat, 100-1000 Mb/s aralığında 14 manat, 1000-10000 Mb/s üçün 12 manat, 10000-100000 Mb/s intervalında isə 10 manat təşkil edir. Statik IP ünvanının aylıq tarifi 5 manatdır.

“Tetra” xüsusi radiorabitə sisteminə qoşulma 80 manatdır. Aylıq “Trank” rabitəsi 4 manat, şəbəkədaxili çağırış nömrəsi ilə zəng 5 manat, mobil və şəhər telefonlarına çıxış 7 manat müəyyənləşdirilib. GPS xidmətinin aylıq qiyməti istifadəçi sayına əsasən dəyişir: 50-dək istifadəçiyə 2 manat, 50-100 istifadəçiyə 1,5 manat, 100-dən çox istifadəçiyə isə 1 manat.

Hökumət rabitəsinə qoşulma və ya yerdəyişmə 100 manat, aylıq abunə haqqı 30 manatdır. Xüsusi dövlət rabitəsində bu xidmətlər müvafiq olaraq 50 və 20 manat təşkil edir. Dövlətlərarası hökumət rabitəsindən istifadə üçün aylıq ödəniş 50 manat, mobil xüsusi dövlət rabitəsi üçün isə 84 manat müəyyən edilib.

“AzStateNet” fiber-optik şəbəkəsində aylıq Ethernet port tarifləri 100 Mb/s üçün 300 manat, 1000 Mb/s üçün 600 manat, 10000 Mb/s üçün 2000 manatdır. E1 portunun 2 Mb/s sürəti 140 manatdır. VLAN xidmətinin aylıq haqqı 50-dək istifadəçiyə 50 manat, 50-100 istifadəçiyə 40 manat, 100-dən çox istifadəçiyə 30 manatdır.

“gov.az” domeninin illik qeydiyyatı 100 manat, elektron poçt sistemindən aylıq istifadə 2 manat, bir televizor üçün kabel televiziyası abunəsi 6 manatdır. Bir cüt fiber-optik lifin aylıq icarəsi 4 kilometrədək məsafədə 60 manat, daha uzun məsafə üçün 100 manat təşkil edir. Stasionar telefon xəttinin çəkilişi 30 manat, aylıq abunə haqqı 7 manatdır.

Qeyri-büdcə təşkilatları üçün korrespondensiyaların çatdırılma qiymətləri də təsdiqlənib. Şəhər və ya rayon daxilində zərfin göndərilməsi çəkidən asılı olaraq 50 qramadək 2,5 manat, 50-200 qram üçün 3 manat, 200-500 qram üçün 3,5 manat, 500 qram-1 kiloqram üçün 4 manat, 1-2 kiloqram üçün isə 4,5 manatdır. Respublika daxilində və ya hava yolu ilə çatdırılmada həmin çəki qrupları üzrə qiymətlər müvafiq olaraq 6, 6,5, 7, 7,5 və 8 manatdır. 2 kiloqramdan ağır zərflərə hər əlavə, tam və ya natamam kiloqram üçün 1 manat hesablanır.

Bağlamaların şəhər və rayon daxilində çatdırılması 2 kiloqramadək 5 manat, 2-5 kiloqram aralığında 5,5 manat, 5 kiloqramdan çox olduqda 6 manatdır. Respublika daxilində və ya hava yolu ilə göndəriş üçün qiymətlər eyni çəki qrupları üzrə 8,5, 9 və 9,5 manat müəyyən edilib. 5 kiloqramı aşan bağlamanın hər əlavə, tam və ya natamam kiloqramına görə 1 manat tutulur.