QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Rusiya, Ukrayna və ABŞ-ın Əbu-Dabidə yeni üçtərəfli müzakirə aparması nəzərdən keçirilsə də, görüşün vaxtı hələ dəqiqləşməyib. Əvvəlki təmaslarda hərbi əsirlərin dəyişdirilməsi barədə razılıq əldə olunmasına baxmayaraq, bunun həyata keçirilməməsi tərəflər arasındakı fikir ayrılıqlarının qaldığını üzə çıxarıb.
Yaxın müddətdə görüşün baş tutması və onun müharibənin dayandırılmasına töhfə verməsi nə dərəcədə mümkündür? Siyasi şərhçi Oqtay Qasımov bu barədə danışarkən bildirib ki, ABŞ, Rusiya və Ukrayna nümayəndələrinin tezliklə bir araya gəlməsi barədə fikirlər səslənsə də, konkret tarix açıqlanmayıb.
Qasımovun sözlərinə görə, ABŞ prezidentinin həyat yoldaşı Melaniya Tramp sülh razılaşmasının dekabrın 25-dək əldə oluna biləcəyini deyib. Bununla belə, hazırkı mənzərə tərəflərin ortaq mövqeyə gəlməsinin asan olmayacağını göstərir.
Ekspertin bildirdiyinə görə, ABŞ-də baş tutan görüşdən sonra Rusiya ilə Ukrayna arasındakı qarşıdurma daha da şiddətlənib. Rusiya Ukrayna ərazilərinə raket və PUA zərbələrini davam etdirir. Ukrayna isə Rusiyanın neft emalı müəssisələrini, Krım körpüsünü və yarımadaya aparan yolları hədəfə alaraq Krımla əlaqəni faktiki olaraq məhdudlaşdırmağa çalışır.
Oqtay Qasımov Krım körpüsünün ciddi zərər görməsini, eləcə də quru marşrutu ilə hərəkətin çətinləşməsini Ukraynanın həmin istiqamətdə müəyyən nəticə əldə etməsi kimi qiymətləndirib.
Şərhçi qeyd edib ki, yeni görüş baş tutsa belə, tərəflərin danışıqlarda hansı addımları atmağa hazır olduğu bəlli deyil. Rusiyanın mövcud mövqeyindən geri çəkilməməsi prosesi mürəkkəbləşdirir. Moskva nəzarətində olmayan Ukrayna ərazilərinin də ona verilməsini tələb edir.
Ekspertin sözlərinə görə, Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin ərazilərini Rusiyaya verməyəcəyini yenidən bəyan edib. Kiyev belə bir addımı müharibədə məğlubiyyət kimi qəbul edir.
Qasımov ABŞ-dəki siyasi dəyişikliklərin də danışıqlara təsir edə biləcəyini bildirib. Onun fikrincə, aralıq seçkilərindən sonra Konqresin hər iki palatasında Demokratların üstünlük qazanması Donald Trampın Ukrayna ilə bağlı siyasətinə təsir göstərə bilər.
“Demokratların Ukraynaya dəstəyi daha aydındır və onlar Donald Trampın Rusiya-Ukrayna müharibəsi ilə bağlı siyasətini dəyişməyə çalışacaqlar. Trampın yanaşması, mahiyyət etibarilə, Ukraynanın güzəştə getməsi müqabilində atəşkəs əldə etməyə hesablanmışdı. Demokratların bununla razılaşacağı isə inandırıcı deyil”, – deyə siyasi şərhçi bildirib.
Oqtay Qasımovun qənaətinə görə, üç ölkə arasında yaxın vaxtlarda yeni görüşün keçirilməsi mümkündür, amma danışıqlarda mühüm irəliləyiş ehtimalı aşağıdır. Buna görə də növbəti təmasların müharibənin dayandırılması üçün real nəticə verəcəyini indidən gözləmək çətindir.