QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, “Süni İntellektlə Müasir Məktəb” (SIMM) layihəsi çərçivəsində Gəncə və Xankəndidə müəllimlər üçün praktiki təlimlər keçirilib. Sessiyalara 18 məktəbi təmsil edən 100 müəllim qatılıb.

Təlimlərə pedaqoqların gözləniləndən yüksək marağı qeydə alınıb və proqramdan yararlananların sayı ilkin hədəfi iki dəfə keçib.

Azərbaycan, ingilis və rus dillərində təşkil olunan məşğələlərdə süni intellektin tədrisdə tətbiqi nəzərdən keçirilib. Müəllimlər dərs planı və tədris materialları hazırlamaq üçün yararlı alətlərlə tanış olub, onların funksiyalarını praktiki tapşırıqlarda yoxlayıblar. Həmçinin “Gemini Gems” platformasında şəxsi süni intellekt köməkçiləri yaratmaq qaydalarını öyrəniblər.

Proqramda süni intellektlə hazırlanmış məlumatların doğruluğunun yoxlanılması, eləcə də belə məzmun yaradan vasitələrin imkanları və məhdudiyyətləri müzakirə edilib. Bu iş müəllimlərin süni intellektdən təkcə texniki vasitə kimi deyil, tənqidi təhlil və peşəkar qiymətləndirmə üçün də istifadə bacarıqlarını inkişaf etdirməyə yönəlib.

SIMM-in növbəti mərhələləri üzrə işlər davam etdirilir. Müəllimlərin bir-birinə bilik və təcrübə ötürməsinə əsaslanan modelin əhatəsinin artırılması, pedaqoqlar arasında əməkdaşlığın gücləndirilməsi, məktəblərdə davamlı qarşılıqlı öyrənmə və praktiki dəstək mühitinin yaradılması nəzərdə tutulur.