QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, “Armenian Wine” yazısı olan şərab tıxacı ilə bağlı açıqlama verən “Gold Alko” MMC-nin təsisçisi Mirdamət Mahmudovun fəaliyyəti diqqət çəkib. “Xankəndi Xindoqnı” markalı şərabı satan şirkət “Girs” zavodunu Əmlak Məsələləri Dövlət Xidmətindən təhvil alıb.
Əvvəllər “Girs” şərab zavodunda istehsal edilən məhsulları satışa çıxaran “Gold Alko” MMC 2022-ci ilin iyununda vergi uçotuna götürülüb. Şirkətin hüquqi ünvanı Qobustan qəsəbəsi, Massiv 5, ev 3 göstərilir. Onun vergi borcu 1 milyon 709 min 16 manat 11 qəpik təşkil edir.
Mirdamət Mahmudov Əmlak Məsələləri Dövlət Xidmətinin 2023-cü ildə təşkil etdiyi hərrac müsabiqələrində də qalib olub. O, Yuxarı Pirsaatçay yatağının 9 hektarlıq sahəsini 25 il istismar etmək hüququ qazanıb. Həmin müddətdə yataqdan 180 min kubmetr qum-çınqıl çıxarması nəzərdə tutulur.
Mənbədə qeyd olunan digər məqama görə, Əmlak Məsələləri Dövlət Xidmətinin də büdcəyə vergi borcu var. Xidmətin borcu hazırda 10 milyon 64 min 528 manat 98 qəpikdir.