QafqazNews Yeniavaz.com-a istinadən xəbər verir ki, jurnalist İlkin Muradov işçilərin hüquqlarının pozulması ilə bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətinə ünvanladığı sualların cavabsız qaldığını bildirib.

O, bu barədə sosial media hesabında yazıb. Muradovun sözlərinə görə, işçi hüquqlarının pozulması barədə paylaşımlarından sonra sentyabrda Xidmət nümayəndələri onunla əlaqə saxlayaraq həmin məlumatların araşdırıldığını bildiriblər.

Jurnalist qeyd edib ki, əməkdaşlardan biri mütəmadi olaraq onunla əlaqədə olub, şikayətlərlə bağlı vətəndaşların əlaqə və şəxsi məlumatlarını alıb. Muradov şikayətçiləri birbaşa Xidmətə yönləndirdiyini və rəsmi müraciət yazmalarını istədiyini deyib. Onun bildirdiyinə görə, müraciətlərin nəticəsi barədə məlumat veriləcəyi vəd olunub, araşdırma müddəti əvvəlcə 15-20 gün, daha sonra isə bir ay kimi göstərilib.

Muradovun sözlərinə əsasən, şikayətlərin göndərilməsindən təxminən üç ay keçəndən sonra vətəndaşlar ondan nəticə barədə soruşmağa başlayıblar. Jurnalist məsələni aydınlaşdırmaq üçün əlaqədə olduğu əməkdaşa yazsa da, cavab almadığını iddia edib.

Jurnalistin açıqlaması ilə bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətinə sorğu göndərilib, lakin cavab verilməyib.

Muradov daha sonra bildirib ki, Müfəttişlik ondan şikayətçinin narazı qaldığı müəssisənin hüquqi ünvanını və başqa rəsmi məlumatlarını tələb edən məktublar göndərib. O, bu məlumatları əldə etməyin asan yollarının olduğunu vurğulayıb.

Jurnalistin sözlərinə görə, danışdığı işçilərin bəziləri müraciətlərinə 10-15 gün ərzində cavab alıb, digərləri isə ümumiyyətlə cavabsız qalıb. Muradov bu fərqin şikayətlərin araşdırılmasının şikayət edilən şirkət və ya müəssisədən asılı olaraq aparıldığını göstərdiyini iddia edib.