İsmayıllı rayonunun Basqal qəsəbəsində anadan olan, 1974-cü il təvəllüdlü İmran Fiqət oğlu Əzizov əlillik müavinətinin kəsilməsindən şikayətçidir. QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, o, 1992–1996-cı illərdə Birinci Qarabağ müharibəsində iştirak etdiyini və həmin dövrdə epilepsiya xəstəliyinə tutulduğunu bildirib.

Hazırda Xırdalan şəhərində yaşayan Əzizovun sözlərinə görə, 1996-cı ildən ona epilepsiyaya görə ikinci dərəcə əlillik təyin edilib. O, 30 il müavinət aldığını, 10 ildən sonra əlilliyin müddətsiz rəsmiləşdirilməli olduğunu, lakin bunun baş vermədiyini deyir.

Əzizov sonuncu dəfə 2026-cı ilin aprelində Respublika Əlillərin Bərpa Mərkəzində komissiya müayinəsindən keçdiyini bildirib. Onun iddiasına əsasən, müayinə zamanı epileptik tutma baş verib. Bir müddət sonra əlillik təyinatı ilə bağlı müraciətinin qəbul edilmədiyini öyrənib. Səbəb kimi həmin mərkəzdə təkrar müayinədən keçməli olduğu göstərilib. Lakin mərkəzdə ona müayinənin yalnız bir dəfə aparıldığı bildirilib.

Nəticədə müavinət dayandırılıb, dövlət tərəfindən verilən dərmanlar da kəsilib. Məktəb yaşında iki övladı olan Əzizov ailəsinin hazırda 80 manat təqaüdlə dolandığını və çətin vəziyyətə düşdüyünü söyləyib. O, tez-tez tutma keçirdiyini, sonuncu tutma zamanı ağır xəsarətlər aldığını qeyd edib.

İşləmək qabiliyyətinin olmadığını bildirən şikayətçi aidiyyəti qurumlara dəfələrlə müraciət etsə də, nəticə əldə etmədiyini deyir. Onun sözlərinə görə, həyat yoldaşı tutmalar zamanı ona nəzarət etməli olduğu üçün işləyə bilmir.

Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdiri Tural Qurbanov bildirib ki, Əzizov 2026-cı il aprelin 23-də əlilliyin qiymətləndirilməsi üçün tibb müəssisəsinin hazırladığı Forma-88 göndərişi əsasında agentlikdə əyani müayinədən keçib.

Qurbanovun sözlərinə görə, müayinə və təqdim edilmiş tibbi sənədlər əsasında qanunvericiliyə uyğun olaraq əlavə müalicəyə ehtiyac olduğu müəyyən edilib. Hazırda isə qeydiyyatda olduğu tibb müəssisəsi onun üçün yeni göndərişi elektron sistemə daxil etməyib.

Agentliyin bildirdiyinə görə, tibb müəssisəsi sağlamlıq vəziyyətini tam əks etdirən yeni Forma-88 sənədi tərtib edərsə, Əzizovun əlilliyi qanunvericiliyə uyğun qaydada yenidən qiymətləndiriləcək.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi də sorğuya cavabında agentliyin mövqeyini təqdim edib. TƏBİB-in məlumatında qeyd olunub ki, yeni göndəriş üçün vətəndaşın qeydiyyatda olduğu tibb müəssisəsinə müraciəti qeydə alınmayıb. Yeni Forma-88 rəsmiləşdirildiyi halda əlillik təkrar qiymətləndiriləcək.