QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, göbələk mövsümü başlayanda bazarlarda bu məhsula maraq artır, ancaq düzgün seçilməyən göbələklər sağlamlıq üçün ciddi təhlükə yarada bilər. Köhnə, yanlış şəraitdə saxlanmış və ya zəhərli növlərlə qarışmış məhsullar ağır zəhərlənməyə, bəzi hallarda isə ölümə səbəb olur.

Qida texnoloqu Ağa Salamov göbələyin təzəliyini müəyyənləşdirən əsas göstəricilərin rəng, bərklik, qoxu və quruluş olduğunu bildirib. Onun sözlərinə görə, təzə göbələk təbii, açıq və şəffaf ağ rəngdə olur, bərkliyini saxlayır. Məhsulu görməklə, qoxlamaqla və toxunmaqla, eləcə də digər hiss orqanları vasitəsilə yoxlamaq mümkündür.

Salamov qeyd edib ki, göbələk qırılarkən xırtıltı səsi gəlməsi onun təzəliyinə işarə sayılır. Köhnə məhsulda bu əlamət olmur: rəngi tündləşir, yumşalır və şirəsini buraxır. Belə göbələklərdən kəskin kif qoxusu da gələ bilər. Mütəxəssis bu xüsusiyyətləri olan məhsulları almamağı məsləhət görüb.

Qida texnoloqu kənd və rayonlardan gətirilən yabanı göbələklərin, o cümlədən onlardan hazırlanmış turşuların seçilməsində ehtiyatlı olmağa çağırıb. O bildirib ki, göbələk toplayanlar yeməli şampinyonu zəhərli növlərlə səhv sala bilərlər.

Xüsusilə solğun əzvayın yeməli göbələklərə qarışması təhlükəlidir. Ağa Salamovun sözlərinə görə, ümumi məhsulun içində bir-iki zəhərli göbələyin olması belə ağır nəticələrə gətirib çıxara bilər. Solğun əzvayın tərkibində güclü toksinlər var və onun yeyilməsi ağır zəhərlənmə, hətta ölümlə nəticələnə bilər.

Mütəxəssis mənşəyi və növü bəlli olmayan yabanı göbələklərdən, habelə onlardan hazırlanmış turşulardan istifadə etməməyi tövsiyə edib. Gündəlik qidalanmada mənşəyi məlum, yetişdirilən və nəzarətdən keçən şampinyon kimi göbələklərə üstünlük vermək daha məqsədəuyğundur.