QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, İstanbulun Ataşehir rayonunda polis olduqlarını deyərək iki qadını aldadan beş nəfər həbs olunub.
Şübhəlilər 64 yaşlı Gülşən Ş.-yə zəng edib adının terror təşkilatı ilə əlaqəli istintaqda çəkildiyini bildiriblər. Aldadılan qadının 1 milyon 700 min lirə dəyərində qızıl-zinət əşyaları ələ keçirilib.
Şikayətdən sonra polis Beytullah K.-nı saxlayıb. İstintaq zamanı onun qızılları Azərbaycan vətəndaşı Yaşar M.-ə verdiyi müəyyənləşib. Yaşar M. zinət əşyalarını satıb, əldə etdiyi pulu isə kriptovalyutaya çevirib.
Sonrakı əməliyyat nəticəsində Yaşar M. və daha üç nəfər tutulub. Araşdırma zamanı şübhəlilərin Osmaniyədə yaşayan 50 yaşlı Nuran Ş.-ni də eyni üsulla aldatdıqları məlum olub.
İş üzrə ümumilikdə beş nəfər barəsində həbs qərarı çıxarılıb. Araşdırma davam edir.