QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, İstanbulun Beykoz rayonunda “Teşkilat” serialının çəkiliş qrupu hücuma məruz qalıb. Bir qrup şəxs yaradıcı heyətdən zorla pul tələb edib.
Hadisə yerinə gələn dörd nəfər özlərini layihənin yeni əməkdaşları kimi təqdim edərək çəkiliş meydançasına girmək istəyib. Əraziyə buraxılmadıqdan sonra onlar çəkiliş qrupuna qarşı aqressiv davranıb və ölüm hədələri səsləndiriblər.
Şübhəlilər heyətdən 30 min lirə “küçə haqqı” istəyərək, “Bu küçənin haqqını, yəni 30 000 lirə verəcəksiniz, yoxsa boğazınızı kəsərik”, - deyiblər.
Vəziyyətin gərginləşdiyini görən çəkiliş qrupu polisə müraciət edib. İstanbul Polis İdarəsinin əməkdaşları əraziyə gəlib və keçirilən əməliyyat tədbirləri zamanı hadisədə şübhəli bilinən dörd nəfəri saxlayaraq polis bölməsinə aparıblar.
İstintaq prosedurları yekunlaşdıqdan sonra saxlanılanlar barələrində qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə göndəriliblər.