QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Milli Məclisin plenar iclasında deputat Aydın Hüseynov vergilərin büdcə gəlirlərinin əsas hissəsini formalaşdırmaqla yanaşı, iqtisadi inkişaf, sahibkarlığın dəstəklənməsi və investisiyaların təşviqində də mühüm rol oynadığını bildirib.

Onun sözlərinə görə, müzakirəyə çıxarılan qanun layihəsi 67 istiqaməti və dörd əsas bloku əhatə edir. Sənəd biznes şəraitinin yaxşılaşdırılmasına, investisiyaların artırılmasına, vergi bazasının genişləndirilməsinə və inzibatçılığın təkmilləşdirilməsinə yönəlib. Hüseynov layihənin dövlətin maliyyə maraqları ilə sahibkarlığın inkişafı arasında tarazlıq yaratdığını qeyd edib.

Deputat mikro sahibkarların fəaliyyətini genişləndirməsi üçün nəzərdə tutulan yeniliyə də diqqət çəkib. Təklifə əsasən, daha yüksək sahibkarlıq kateqoriyasına keçən mikro sahibkarın əvvəlki hesabat ilində ödədiyi vergi sonrakı dövr üzrə vergi öhdəliklərindən çıxılacaq. Hüseynov bildirib ki, kiçik sahibkarlar üçün vergi güzəştləri onların avadanlıq almasına, istehsalı artırmasına və yeni iş yerləri açmasına imkan verə bilər.

İxracı təşviq etmək məqsədilə ölkədə istehsal edilərək xaricə göndərilən mallara, eləcə də müəyyən xidmətlərə görə gəlir və mənfəət vergisindən beş il müddətinə, ən çoxu 25 faiz güzəşt verilməsi təklif olunur. Güzəştin miqdarı ixracın müəssisənin ümumi gəlirindəki payına uyğun müəyyən ediləcək. Deputat bu mexanizmin qeyri-neft ixracını və ölkəyə valyuta daxilolmalarını artıracağını, yerli məhsulların xarici bazarlardakı rəqabət imkanlarını gücləndirəcəyini vurğulayıb.

Hüseynov dəyişikliklərin Qarabağ və Şərqi Zəngəzurun iqtisadi dirçəlişi üçün də əhəmiyyətli olduğunu bildirib. Ağdam Sənaye Parkı və Cəbrayıldakı Araz Vadisi İqtisadi Zonasında istehsal olunan məhsulların ixracında güzəştlərdən yararlanmaq həmin ərazilərdə özəl sərmayənin və məşğulluğun artmasına dəstək verə bilər.

Deputat çıxışında güzəştlərin nəticələrinin mütəmadi ölçülməsinin vacibliyini də qeyd edib. Onun fikrincə, bu tədbirlər nəticəsində cəlb olunan investisiyalar, açılan iş yerləri və ixrac həcmlərindəki dəyişikliklər dəqiq təhlil edilməlidir. Hüseynov güclü sahibkarlığın iqtisadiyyatın və dayanıqlı dövlət büdcəsinin möhkəmlənməsi baxımından əhəmiyyətini vurğulayıb.