QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, marketlərdə girişə yaxın hərəkətli sahələr və kassa önü məhsulları alıcıların diqqətini cəlb etməklə alış qərarlarına təsir göstərə, mağazaların satışını artıra bilər. Marketoloq Saday Əliverdiyev bu zonaların düzgün qurulmasının dövriyyəyə və orta səbət məbləğinə müsbət təsir etdiyini bildirib.

Əliverdiyevin sözlərinə görə, müştərilərin rahat hərəkət etdiyi və məhsulları dərhal görə bildiyi hissələr alış-verişin gedişində mühüm yer tutur. Gündəlik tələbat mallarının yaxınlığında isə alıcının diqqətinin yönəldilməsi istənilən məhsullar yerləşdirilir.

Ekspert kassa önünü strateji satış nöqtəsi kimi xarakterizə edib. Növbədə dayanan və ödəniş edən müştərilərin qarşısında satışını sürətləndirmək istədikləri mallar nümayiş olunur. Onun sözlərinə görə, mağazanın ölçüsünə uyğun təşkil edilən kassa önü kampaniyaları yaxşı nəticə verir.

Bu sahədə məhsulların seçimi onların marjasına deyil, impulsiv alış ehtimalına əsaslanır. Məqsəd yeni gələn və satışı artırılmaq istənən malları tanıtmaq, həmçinin kassirin fərdi təklifi ilə müştərinin marağını oyatmaqdır. Məsələn, məhsulun endirimdə və ya yeni olduğunu bildirmək, iki məhsul alana hədiyyə vermək, yaxud müəyyən məbləğə çatan alışa əlavə hədiyyə təqdim etmək belə üsullardandır.

Əliverdiyev bildirib ki, pərakəndə mağazalar 25 manatlıq alışla kassaya gələn müştərinin səbətini əlavə məhsullar hesabına 30-35 manata çatdırmağa çalışır. Kassa önü bu məqsədə xidmət edən əsas vasitələrdəndir. Ay sonu hesabatında hansısa məhsulun satışının gözləniləndən aşağı olması isə həmin məhsulla bağlı problemin göstəricisi ola bilər.

Marketinq taktikalarından tamamilə imtinanın nə mümkün, nə də vacib olduğunu deyən ekspert bu yanaşmanın həm biznesin inkişafı, həm də müştəri rahatlığı baxımından faydalı olduğunu vurğulayıb. Kassa yaxınlığında əsasən saqqız, kibrit və şokolad kimi gündəlik istifadə olunan mallar, eləcə də xüsusi seçilmiş məhsullar olur. Onun sözlərinə görə, alıcı ehtiyacı olmayan və istəmədiyi məhsulu məcburən almır; həmin anda maraq yaranarsa, bu, həm müştəri, həm də marketinq baxımından fayda verə bilər.