QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, fiziki şəxslərin kirayə gəlirlərinə görə vergi ödəniş qaydasının dəyişdirilməsi Vergi Məcəlləsinə təklif olunan yeniliklər sırasındadır. Layihə parlamentin bugünkü iclasında müzakirəyə çıxarılıb və ilk oxunuşda qəbul edilib.

Dəyişikliyə əsasən, kirayə haqqını vergi ödəyicisi kimi uçota alınmamış fiziki şəxs ödədikdə, vergini kirayəyə verən və ya onun təyin etdiyi vergi agenti ödəməlidir. Yaşayış sahəsinin kirayəsi üzrə dərəcə 10 faiz, başqa əmlakın kirayəsi üzrə isə 14 faiz müəyyən edilib. Vergi ödəyən şəxs Vergi Məcəlləsinin 33-cü və 149-cu maddələrinə uyğun olaraq uçota alınmalı və bəyannamə təqdim etməlidir.

Fiziki şəxs həmin qaydada vergi uçotuna durub bəyannamə verməklə kirayə gəlirindən bu fəaliyyətlə bağlı xərcləri çıxmaq, qalan məbləğə isə Məcəllənin 101.3-cü maddəsində nəzərdə tutulan dərəcə ilə vergi ödəmək hüququ qazanır.

Bu imkandan yararlanmaq istəyən şəxs müəyyən edilmiş formada vergi orqanına və kirayəçiyə məlumat verməlidir. Vergi orqanına müraciətin təqdim edildiyi aydan sonrakı aydan etibarən kirayə gəlirindən ödəmə mənbəyində vergi tutulmayacaq.

İllik gəlir vergisi hesablanarkən təqvim ilinin əvvəlindən əldə olunan gəlirlər və çəkilən xərclər nəzərə alınacaq. Hesablanmış vergi həmin il ərzində ödəmə mənbəyində tutulmuş məbləğ qədər azaldılacaq. Tutulmuş vergi cari ildə tam nəzərə alınmadıqda, qalıq məbləğ növbəti illərin vergi öhdəliklərinin azaldılmasına məhdudiyyətsiz şəkildə yönəldiləcək.