QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Azərbaycanda kolleclərə 9-cu sinif bazasından qəbulun məhdudlaşdırılması, 11-ci sinifdən sonra qəbulun isə davam etməsi planlaşdırılır. Bu barədə Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin müdiri Turxan Süleyman 2026/2027-ci tədris ili üzrə orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələrinin müzakirə olunduğu tədbirdə danışıb.

Süleymanın sözlərinə görə, gələcəkdə 9-cu sinifdən sonra təhsilini davam etdirənlər yalnız peşə təhsili müəssisələrinə qəbul oluna biləcəklər. Kolleclərin 2030-cu ilədək müvafiq ali təhsil müəssisələrinin tabeliyinə keçirilməsi və onlarla birgə fəaliyyət göstərməsi də nəzərdə tutulur.

Şöbə müdiri kolleclərdə olan bəzi ixtisasların yüksək texniki peşə təhsili səviyyəsində tədrisinin mümkünlüyünün də nəzərdən keçirildiyini bildirib.

Kolleclər və peşə təhsili müəssisələrində təkrarlanan ixtisasların aradan qaldırılması üçün tədbirlər görülüb. Bu istiqamətdə dəyişikliklərin 2027–2030-cu illər ərzində həyata keçirilməsi gözlənilir.